“Avropa Parlamentinin qətnaməsi dövlətimizə, xalqımıza qarşı növbəti siyasi riyakarlıqdır”

Xarici siyasət
  • 11 mart, 2022
  • 13:46
“Avropa Parlamentinin qətnaməsi dövlətimizə, xalqımıza qarşı növbəti siyasi riyakarlıqdır”

“Avropa Parlamentinin qətnaməsi dövlətimizə, xalqımıza qarşı növbəti siyasi riyakarlıqdır”.

Bunu “Report”a açıqlamasında "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti Azərbaycana qarşı çox məkrli qərar qəbul edib: "Ermənilər 30 il ərzində bizə humanitar terror törətmələrinə baxmayaraq, indi belə təəssürat yaranır ki, guya bunun əksi olub. Biz dəfələrlə beynəlxalq qurumlara müraciət etmişik ki, Azərbaycana faktaraşdırıcı missiya göndərsinlər. Bu zaman onlar həqiqəti gözləri ilə görə bilərdilər. Lakin bütün müraciətlərimiz cavabsız qaldı. Qərb nümayəndələri gerçəklərdən qaçdılar. Prezident İlham Əliyev də bu barədə dəfələrlə UNESCO-ya çağırış edib. Bildirilib ki, belə təzyiq vasitələri absurddur”.

İ.Orucov bildirib ki, Avropa Parlamentinə adekvat cavab zəruri idi: “Əlbəttə, bu cür riyakarlıqlar, ədalətsizliklər Azərbaycan xalqının haqlı narazılığına, hiddətinə səbəb olur. Biz sakit, heç nə olmamış kimi davrana bilməzdik. Odur ki, aparıcı QHT-lər olaraq Avropa Şurasına müraciət etdik, haqsız qərarın ləğvini tələb etdik. Dünyaya yalan tirajlamağa, Azərbaycana qarşı bu ritorikadan istifadə edilməsinə son qoyulmalıdır. Təəssüf ki, indiyədək sivil dünya erməni vəhşiliklərinə qarşı heç bir addım atmayıb. Hərçənd bəlkə də vaxtında lazımi tədbir görülsəydi, iş bu həddə çatmazdı”.

Qeyd edək ki, bu günlərdə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Sənəddə iddia olunur ki, Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta Azərbaycanın digər ərazilərində də eyni addımların atıldığı yalanı ortaya atılır. Qətnamənin mətninə baxdıqda bunun Avropa Parlamentində, yoxsa “Baqramyan 33”də hazırlandığını ayırd etmək çətindir. Çünki mətndə yer alan ifadələr, irəli sürülən ittihamlar o qədər absurd və yalandır ki, bunu yalnız illərdir dünyanı öz yalanlarına dolayan və dünyanın da nədənsə həvəslə yalanlarına “aldandığı” ermənilər yaza bilərdilər. Buna cavab olaraq Azərbaycanın bir sıra QHT-ləri Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb. Bəyanatda göstərilir ki, Azərbaycana qarşı olan ikili standartlar, rasist xarakterli yanaşmalar və İslamofobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil edib. Ötən gün erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul edilməsi Azərbaycana qarşı növbəti riyakarlıq kimi qiymətləndirilib.