Attaulla Tarar: Pakistan D-8-in bütün tərəfdaşları ilə əməkdaşlığa açıqdır
- 21 noyabr, 2025
- 11:21
Pakistan ümumi imkanların genişləndirilməsi, kommunikasiya şəbəkələrinin möhkəmləndirilməsi və iştirakçı ölkələrdə sülhü, etimadı və böhranlara hazırlığı dəstəkləyən dayanıqlı mexanizmlərin formalaşdırılması üçün D-8-in bütün tərəfdaşları ilə əməkdaşlığa açıqdır.
"Report" xəbər verir ki, bunu Pakistanın informasiya və teleradio yayımı üzrə federal naziri Attaulla Tarar Bakıda keçirilən "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunda bildirib.
"Qoy bu gün Bakıda keçirilən media forumu D-8 çərçivəsində əməkdaşlığımızın başlanğıc nöqtəsi olsun. Gəlin birlikdə elə bir informasiya mühiti quraq ki, həqiqət dezinformasiyadan daha güclü olsun, əməkdaşlıq fikir ayrılıqlarını aşsın, kommunikasiya isə zəiflik deyil, dayanıqlılıq mənbəyinə çevrilsin. Forumu keçirdiyi üçün Azərbaycan hökumətinə və üzv dövlətlərin media qurumları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün göstərdiyi səylərə görə D-8 Katibliyinə minnətdarlığımı bildirirəm", - Tarar vurğulayıb.
O, həmçinin gələcək nəsillərə xidmət edəcək mexanizmlərin yaradılacağına ümidvar olduğunu bildirib. "Və hətta onilliklər sonra belə insanlar bu foruma D-8 ölkələrinin xalqlarına fayda gətirən və dövlətlərimizin dinc və firavan gələcəyinə töhfə verən təşəbbüslərin başlanğıc nöqtəsi kimi istinad edə biləcəklər", - nazir deyib.