ATƏT-in Rusiya-Ukrayna müharibəsini başa çatdırmaq üçün daha güclü tərəfdaşlara ehtiyacı var
- 04 avqust, 2026
- 13:28
Yeniliklərdən dərhal xəbərdar olun!
ATƏT-in Rusiya-Ukrayna müharibəsini başa çatdırmaq üçün daha güclü tərəfdaşlara ehtiyacı var.
"Report" xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
O bildirib ki, Bayramovla danışıqlarda Rusiyanın Ukraynaya qarşı müharibəsinə xüsusi diqqət yetirilib.
"Bu müharibə Avropanın təhlükəsizliyinə və ATƏT-in əsaslandığı prinsiplərə ən ciddi çağırış olaraq qalır. Mən məhz ATƏT-in fəaliyyətdə olan sədri kimi bu məsələyə xüsusi diqqət yetirirəm. Biz dialoqun qorunub saxlanılması və bir-birinə zidd mövqelərə malik olan tərəflər, o cümlədən Rusiya, Belarus və digər dövlətlər arasında real ünsiyyət imkanının təmin edilməsi üzərində işləyirik", - Kassis bildirib.
O qeyd edib ki, ATƏT-in missiyası məhz tərəflərin fikir ayrılıqlarını müzakirə edə və öz öhdəliklərinin gələcəkdə yerinə yetirilməsi yollarını axtara biləcəyi dialoq platforması təqdim etməkdən ibarətdir.
"Biz ədalətli və davamlı sülhün əldə olunmasına kömək etməliyik. ATƏT-in vəzifəsi məhz bundan ibarətdir. Bununla yanaşı, anlamalıyıq ki, ATƏT öz-özlüyündə müharibəni dayandırmaq iqtidarında deyil. Bunun üçün iştirakçı dövlətlərin dəstəyi lazımdır", - o bildirib.
Kassis əlavə edib ki, müvafiq vaxt gəlib çatdıqda ATƏT-ə olan tələbatı və onun dövlətlər arasındakı qarşılıqlı əlaqədə əhəmiyyətini nümayiş etdirmək lazımdır: "Müvafiq an gəlib çatdıqda biz göstərməliyik ki, Rusiya və Birləşmiş Ştatlar kimi heç də həmişə eyni baxışları bölüşməyən dövlətlər tərəfindən yaradılmış təşkilata hələ də tələbat var və o, faydalı alət olaraq qalır".