Antalyada “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel keçirilir

Xarici siyasət
  • 01 mart, 2024
  • 08:49
Antalyada “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel keçirilir

Türkiyənin Antalya vilayətində III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, paneldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyan, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Sərdar Kılıç iştirak edirlər.

Tədbirdə regional əməkdaşlıq məsələləri müzakirə olunur.

Qeyd edək ki, martın 1-də Türkiyənin Antalya vilayətində III Diplomatiya Forumu işə başlayıb.
Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə bu il üçüncüsü keçirilən forumda dünyanın 110 ölkəsindən təxminən 4 600 nümayəndə iştirak edir.
Tədbirin əsas məqsədi yaşadığımız təlatümlü dövrdən sülh yolu ilə çıxış axtarışında ümumi düşüncə zəmini yaratmaq, eləcə də davam edən müharibələr, terrorizm, qeyri-qanuni miqrasiya, ksenofobiya və antiislamizm, süni intellektin gətirdiyi gözlənilməz risklər, iqlim dəyişikliyi, təbii fəlakətlər, pandemiyalar, genişlənən sosial-iqtisadi dalğalanma kimi bir çox mövzularda birgə çıxış yolları axtarmaqdır.
Bu il “Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq” mövzusu ilə baş tutan beynəlxalq tədbirdə iştirak etmək üçün 100-dən çox ölkədən 20-dən artıq dövlət və hökumət başçısı Antalyaya gəlib. Azərbaycan da daxil olmaqla 60-dan artıq ölkə xarici işlər nazirləri səviyyəsində təmsil olunur.