Ankara Universitetinin rektoru: “Ağrılı günlərimizdə Azərbaycanla işbirliyimiz oldu”
- 04 mart, 2023
- 14:17
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycanla Türkiyə arasında hər sahədə əməkdaşlıq artıq ənənəvi hal alıb. Zəlzələ baş verən gündən iki qardaş ölkə arasında işbirliyi olub”.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar bildirib.
Səkkiz ilə yaxın Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna sədrlik etdiyini xatırladan rektor deyib ki, yenə də Azərbaycanla qəlbən yaxınlığı davam edir.
Bu illər ərzində Azərbaycanın Türkiyədəki Səfirliyi ilə yaxın təmaslarının olduğunu qeyd edən Necdet Ünüvar Ankara Universiteti olaraq Türkiyədə baş verən təbii fəlakət dönəmində birgə fəaliyyətlərin olduğunu deyib: “Azərbaycan dövləti bu məsələyə birbaşa diqqət göstərdi. Bundan sonra Azərbaycan Səfirliyi zəlzələ bölgələrinə göndərilən yardımları koordinasiya etdi. Bu, çox təqdirəlayiq haldır. Bizim fəaliyyətimiz sadəcə ərzaq, geyim və insan qüvvəsinin ehtiyac duyulduğu yardımlar deyil, həm də tibbi yardımlar göndərməkdən ibarət idi. Qruplara bölünərək fəlakət bölgələrində fəaliyyət göstərdik - Hatay, İsgəndərun, Malatya, Maraş və Adıyamanda birgə tibbi xidmətlərimiz oldu”.
Zəlzələdən zərərçəkənlərin bir qisminin Ankara Universitetinin nəzdində olan İbn Sina və Cəbəçi Uşaq xəstəxanalarında müalicə olunduğunu vurğulayan rektor Azərbaycan Səfirliyi tərəfindən xüsusi diqqət göstərildiyini də təqdir edib: “Səfir Rəşad Məmmədov həyat yoldaşı, həkim Gunay xanımla birlikdə zəlzələdən zərərçəkən uşaqları ziyarət etdilər. Onlar uşaqlara bayraq, geyim, Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən əşyalar hədiyyə etdilər. Uşaqlar çox məmnun qaldılar, sevindilər. Bundan başqa, xəstəxanadakı azərbaycanlı həkimlərlə səfir arasında da görüş oldu”.
Rektor Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlığın bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.