Anas Sarvar: London və Bakı strateji tərəfdaşlıq üzrə işçi qrup yaradacaq
- 06 oktyabr, 2026
- 15:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlığın həyata keçirilməsi ilə məşğul olacaq və hər iki ölkənin sakinləri üçün konkret faydalar təmin edəcək işçi qrup yaradacaq.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sahibkarlıq, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri lord Anas Sarvar Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclasında bəyan edib.
Onun sözlərinə görə, bu tərəfdaşlıq müdafiə, innovasiya və iqtisadi artım daxil olmaqla bir neçə əsas istiqamətə yönəlib: "Sizin qeyd etdiyiniz sektorların bir çoxu bu artımın vacib elementləridir - energetika, təhsil, infrastruktur və təhlükəsizlik".
"Təhlükəsizliyə gəldikdə, bildiyiniz kimi, həmkarım lord Koaker (Böyük Britaniyanın müdafiə naziri Lord Vernon Koaker - red.) cəmi bir neçə gün əvvəl Bakıda olub, orada müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı irəli aparıb. Bu gün isə diqqətimiz iqtisadi münasibətlərə yönəlib: artımı necə dəstəkləmək, innovasiyaları stimullaşdırmaq və hər iki ölkəmizə investisiyalar cəlb etmək məsələsinə. Bizdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün artıq çox möhkəm əsas var", - o deyib.
Dövlət naziri xatırladıb ki, 30 ildən artıq müddətdir ki, Britaniya şirkətləri Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayır.
"Bu münasibətlərin ön cəbhəsində BP və onun tərəfdaşları dayanır. Britaniya təcrübəsi və investisiyaları Azərbaycana enerji ehtiyatlarını inkişaf etdirməyə, beynəlxalq bazarlara çıxışı təmin etməyə və onun Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolunu möhkəmləndirməyə kömək edib. Böyük Britaniya Azərbaycanda ən böyük xarici investor olaraq qalır. Lakin investisiyalar əks istiqamətdə də artır və biz sizinlə bu tendensiyayı daha da möhkəmləndirmək niyyətindəyik", - o əlavə edib.
Sarvar həmçinin vurğulayıb ki, Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) Böyük Britaniyada əhəmiyyətli investora çevrilib, o cümlədən Qatvik hava limanına yaxınlarda edilən 15 milyon funt sterlinq həcmində investisiya sayəsində.
"Məhz belə ikitərəfli iqtisadi münasibətləri inkişaf etdirmək istəyirik: Britaniya şirkətləri Azərbaycanda investisiya qoysun və uğur qazansın, Azərbaycan şirkətləri isə Böyük Britaniyada investisiya qoysun və uğur qazansın, təcrübə mübadiləsi aparsın və birgə layihələrin üstünlüklərini nümayiş etdirsin", - dövlət naziri qeyd edib.