Anaklaudiya Rossbax: Azərbaycan keyfiyyətli şəhər mühitinin yaradılmasına önəm verir
- 12 mart, 2026
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi dövlətin keyfiyyətli şəhər infrastrukturunu inkişaf etdirmək, etibarlı icmalar formalaşdırmaq, habelə layihələndirmə və şəhərsalma sahəsindəki mütəxəssislərə dəstək göstərmək istəyindən xəbər verir.
"Report" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və "UN-Habitat" proqramının rəhbəri Anaklaudiya Rossbax müvafiq bəyanatı XIII Qlobal Bakı Forumunun açılış mərasimində verib.
"Mən hökumətin 2026-cı ili Azərbaycanda şəhərsalma və memarlıq məsələlərinə həsr etmək qərarına dəstəyimi ifadə edirəm. Bu, qloballaşma proseslərinə olan şübhələr fonunda ölkənin öz resurslarını yaşayış məntəqələrinin yaxşılaşdırılmasına, eləcə də onların yaradılmasına və inkişafına cavabdeh olan ekspertlərə yönəltdiyinin göstəricisidir", - o qeyd edib.
"UN-Habitat"ın icraçı direktoru kimi mən ümid edirəm ki, cari tədbir çərçivəsindəki ideyalar və müzakirələr həm Bakıda, həm də beynəlxalq arenada ortaq addımlarımızı müəyyən edəcək. Bu ideyalar Ümumdünya Şəhərsalma Forumunun işində və sonrakı beynəlxalq proseslərdə öz əksini tapa bilər", - qeyd edib.
A.Rossbax xüsusilə qeyd edib ki, Bakı həm COP konfransına, həm də Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmiş şəhərlərin sırasına qoşulur: "Bununla da o, iqlim dəyişikliyinə cavab vermə yanaşmalarının və şəhər gələcəyimizin formalaşdırılmasına kömək edir".
O, həmçinin əminliyini ifadə edib ki, Qlobal Bakı Forumu icmaların və etimadın bərpasına töhfə verəcək, həssas kateqoriyalı vətəndaşların müdafiəsini təmin edəcək, daha ədalətli və ekoloji cəhətdən dayanıqlı meqapolislərin formalaşmasına kömək edəcək.