Aİ səfiri: "Yerli qida irsinin və regional kimliyin qorunması vacibdir"

Xarici siyasət
  • 05 mart, 2022
  • 11:30
Aİ səfiri: Yerli qida irsinin və regional kimliyin qorunması vacibdir

Gəncədə səfərdə olanda olan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko günün ikinci yarısında ənənəvi qida irsinin və regional kimliyin qorunub saxlanmasının vacibliyi haqqında geniş ictimaiyyət arasında məlumatlılığı artırmaqla bağlı keçirilən tədbirdə iştirak edib.

"Report"un yerli bürosu xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil edilən tədbir yerli fermerlərin məhsullarının satışına, davamlı istehsal və istehlakına töhfə vermək məqsədi ilə təşkil olunub.

Tədbir zamanı Gəncə və müvafiq regionları təmsil edən kiçik qida istehsalçıları dolma, dovğa, qutab, paxlava, mürəbbə və meyvə quruları kimi məhsulları birbaşa istehlakçılara satmaq ikmanı da əldə ediblər.

Mədəni proqram ilə müşayiət olunan tədbir zamanı qonaqlar stendlərlə tanış olub, milli təamların dadına baxmaqla yanaşı regional inkişaf üzrə mütəxəssis Yaqub Zeynalzadənin təqdim etdiyi “Torpaqdan Süfrəyə və Ənənəvi qida məhsulları” konsepti barədə məlumatlandırıblar.

Bütün yaş qruplarından olan istehlakçılar yerli məhsulların istehsalı, qidalanma və sağlam qida haqqında faydalı məlumatlar əldə ediblər. Eyni zamanda tədbir layihənin benefisiarları və iştirak edən bütün təşkilatlar üçün səmərəli əlaqələr qurmaq imkanı yaradıb.

13:14

"Ənənəvi qida məhsullarının təbliği, yerli qida irsinin və regional kimliyin qorunması vacibdir".

"Report"un Qərb bürosunun məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər, səfir Peter Mixalko ənənəvi qida məhsulları, bəslənmə və sağlam qidalanma ilə bağlı Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən tədbirdə çıxış edərkən deyib.

Səfirin sözlərinə görə, bu layihə institusional quruculuqda, eləcə də hüquqi və siyasi çərçivənin qurulmasında Azərbaycan Hökumətinə yardım edir ki, yerli və ənənəvi kənd təsərrüfatı və ərzaq istehsalçılarının öz məhsullarını yerli və beynəlxalq bazarlarda təşviq etmələrini Hökumət səmərəli şəkildə dəstəkləsin: "Nəticədə həm də yerli məhsulların qida və sağlamlığa faydası, ölkənin kənd təsərrüfatının biomüxtəlifliyinin qorunması barədə ictimai məlumatlandırma artırılır”.

Azərbaycan Dövlət Aqrar Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, baytarlıq elmləri üzrə fəlsəfə doktoru Küşvər Məmmədova İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə razılaşdırılmaqla layihə çərçivəsində hazırlanmış “Azərbaycanın ənənəvi qida məhsulları, bəslənmə və sağlam qidalanma” adlı kurikulumu iştirakçılara təqdim edib.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadiyyat Nazirliyinin benefisiarı olduğu “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” texniki yardım layihəsi 2019-cu ilin may ayından etibarən Bakı şəhərində, eləcə də Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında icra olunur.

44 - Tezliklə