Aİ səfiri: Azərbaycan və Ermənistan arasında müşahidə olunan müsbət irəliləyişdən çox məmnunuq
- 14 noyabr, 2025
- 18:33
Avropa İttifaqı avqust ayında Azərbaycan və Ermənistan arasında müşahidə olunan müsbət irəliləyişdən çox məmnundur.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Avropa İttifaqının "Aİ və Gənclər: Dayanıqlı Gələcək Naminə" adlı tədbirində çıxışı zamanı deyib.
O, gənclərin həm öz ölkələrinin, həm də dünyanın gələcəyi olduqlarını vurğulayıb:
"Dayanıqlı gələcəyin qurulmasında təhsilin çox böyük rolu var. Lakin biz, əlbəttə, təkcə təhsil üçün burada deyilik. Bildiyiniz kimi, Azərbaycanda bir çox başqa işlər də görürük. İlk növbədə və bu an üçün ən aktual olanı davam edən sülh prosesinə göstərdiyimiz dəstəkdir. Biz avqustda (Vaşinqtonda avqustun 8-də baş tutan Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin iştirakı ilə görüşü və bu çərçivədə sülh sazişinin paraflanması - red.) və hazırda baş verən bütün müsbət inkişaflara görə məmnunuq".
Səfir müasir texnologiyaların inkişafı fonunda həyatın sürətlə rəqəmsallaşdığını qeyd edib:
"Avropa əlaqəlilik sahəsində çox fəaldır. Burada "əlaqəlilik", yəqin ki, ilin sözü stusu qazanıb və özünü müxtəlif - nəqliyyat, dəmir yolu, avtomobil yolu, həmçinin rəqəmsal sahələrdə göstərə bilər. Yəni gəıəcək rəqəmsallaşır, gələcək süni intellektdir və Avropa bu istiqamətdə çox fəaldır. Aİ olaraq biz Azərbaycanda bütün bunlara dəstək oluruq. Azərbaycan Çin və Aİ arasında yerləşir. Ona görə də buradakı İpək Yolu layihəsinə, həmçinin peşə layihələrinə dəstək göstəririk. Bu çərçivədə Azərbaycanda olduğumuz dövrdə 29 layihə icra etmişik, 26-sı bitib, 3-ü isə hələ davam edir".