Adil Məmmədov: "Azərbaycanda WUF13-ün təşkilinə ən yaxşı mütəxəssislər cəlb olunub"
- 17 noyabr, 2025
- 13:00
Azərbaycanda Dünya Şəhərsalma Forumunun (WUF13) təşkilinə ölkənin ən yaxşı mütəxəssisləri cəlb olunub.
"Report"un məlumatına görə, bunu WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov Bakıda diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.
A.Məmmədovun sözlərinə görə, son illər Azərbaycanda genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi güclü və yüksək ixtisaslı insan kapitalının formalaşmasına imkan verib.
"Bizim tədbir menecerləri bu gün dünyanın müxtəlif yerlərində beynəlxalq arenalarda fəal işləyirlər. Bunun parlaq nümunəsi ötən il uğurla keçirilmiş COP29 konfransı oldu. Qürurla deyə bilərəm ki, onun irsi WUF13-ə də ötürülür", - o vurğulayıb.
A.Məmmədov qeyd edib ki, əməliyyat şirkətinin əməkdaşlarının əksəriyyətini gənc mütəxəssislər təşkil edir: "Bu gün əməliyyat şirkətində təxminən 180 gənc mütəxəssis çalışır, onlardan təxminən 90-ı qadınlardır".
O, həmçinin vurğulayıb ki, WUF13-ün başlanmasına 200 gündən az vaxt qalıb və qarşıda hələ böyük iş var: "İrəlilədiyimiz templər əminliklə deməyə imkan verir ki, qarşıdan gələn forum diplomatik korpusun dəstəyi ilə Azərbaycanın daha bir əhəmiyyətli uğuru olacaq və ölkədə keçirilmiş böyük tədbirlərin siyahısına əlavə olunacaq".