ABŞ Ticarət Palatasının rəhbəri: Qazaxıstan və Azərbaycan kimi ölkələr üçün Orta Dəhliz həyati əhəmiyyət daşıyır

Xarici siyasət
  • 09 sentyabr, 2025
  • 14:31
ABŞ Ticarət Palatasının rəhbəri: Qazaxıstan və Azərbaycan kimi ölkələr üçün Orta Dəhliz həyati əhəmiyyət daşıyır
Ceff Erlich

Qazaxıstan və Azərbaycan kimi ölkələr üçün Orta Dəhliz həyati əhəmiyyət daşıyır.

"Report" xəbər verir ki, bunu Qazaxıstanda Amerika Ticarət Palatasının icraçı direktoru Ceff Erlich ABŞ biznes nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarına dair brifinq zamanı deyib. 

O qeyd edib ki, Orta Asiya biznes icması üçün istər xammal, istərsə də istehsal olunmuş məhsullar baxımından, dayanıqlı ixrac marşrutlarının mövcudluğu olduqca vacibdir:

"Qazaxıstan istehsal mallarını, xüsusilə də neft-kimya sənayesini inkişaf etdirməyə çalışır. Beləliklə, söhbət təkcə xam neftdən getmir, həm də neft-kimya məhsullarından gedir. Müxtəlif nəqliyyat marşrutlarının mövcudluğu olduqca böyük əhəmiyyət daşıyır. Eyni zamanda idxal olunan məhsullar üçün də bu dəhliz, şübhəsiz ki, vacibdir. Qazaxıstan və Azərbaycan hər ikisi quru ilə əhatələnmiş ölkələrdir. Onlar Xəzər dənizinə çıxışa malikdirlər, lakin buna baxmayaraq, quru ilə əhatələnmiş ölkələr hesab olunurlar. Buna görə də bu dəhlizin açılması məhz belə ölkələr üçün həyati əhəmiyyət kəsb edir. Çünki həm öz mallarını ixrac etmək, həm də xaricdən məhsul idxal etmək üçün dəhliz önəmlidir. Bu imkanla onların gələcəyi parlaq ola bilər".