ABŞ-də Azərbaycanın kəlağayı sənətinə həsr olunmuş tədbir baş tutub

Xarici siyasət
  • 17 oktyabr, 2025
  • 05:43
ABŞ-də Azərbaycanın kəlağayı sənətinə həsr olunmuş tədbir baş tutub

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 34-cü ildönümü münasibətilə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində yerləşən Amerika Universitetinin Katzen İncəsənət Mərkəzində kəlağayı sənətinə həsr olunmuş tədbir baş tutub.

"Report"un ABŞ bürosu xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçilmiş 10 tarixi və müasir kəlağayı, onların hazırlanmasında istifadə olunan ənənəvi naxışlı çap lövhələri, xam ipək materiallar və saplar sərgilənib.

Proqram çərçivəsində kəlağayı sənətinə dair hazırlanmış xüsusi videoçarx nümayiş olunub, eyni zamanda bu mövzuya həsr edilmiş nəşrin təqdimatı keçirilib.

Tədbirin rəsmi hissəsində Azərbaycanın ABŞ-də səfiri cənab Xəzər İbrahim, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və amerikalı alim Paul Taylor çıxış edərək Azərbaycanın qədim ipəkçilik ənənələrindən, kəlağayının xalqımızın mədəni kimliyindəki rolundan və bu sənətin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətindən danışıblar.

Tədbirin bədii hissəsində isə Azərbaycanın əməkdar artisti, pianoçu Nərgiz Əliyarovanın solo musiqi proqramı təqdim olunub. Konsertdə Üzeyir Hacıbəylinin "Cəngi" əsəri, Lala Cəfərovanın Hacıbəylinin "O Olmasın, Bu Olsun" musiqili komediyasının mövzuları əsasında bəstələdiyi "Fantaziya", Qara Qarayevin "Yeddi Gözəl" baletindən "Gözəllər Gözəli" və "Ayşənin Rəqsi", "İldırımlı Yollarla" baletindən "Ehtiraslı Qızın Rəqsi", Faiq Sücəddinovun "Vətən Balladası", həmçinin Azərbaycanın sevilən xalq mahnısı "Sarı Gəlin" səsləndirilib.

Tədbir Azərbaycanın zəngin mədəni irsinin, xüsusilə də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş kəlağayı sənətinin beynəlxalq platformada tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət daşıyıb.

Son xəbərlər

Bütün Xəbər Lenti