Abdalla Əl Hərbi: Şəhərlərdə həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması sistemli islahatlar tələb edir

Xarici siyasət
  • 20 may, 2026
  • 14:32
Abdalla Əl Hərbi: Şəhərlərdə həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması sistemli islahatlar tələb edir

Şəhərlərdə həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması sistemli islahatlar, əhəmiyyətli investisiyalar, özəl və qeyri-kommersiya sektorlarının fəal cəlb olunmasını tələb edir.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həyat Keyfiyyəti Proqramı Mərkəzinin (KSA Quality of Life Program Center) beynəlxalq əlaqələr üzrə baş direktoru Abdalla Əl Hərbi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Öhdəliklərdən təsirə - şəhərlərdə həyat keyfiyyətinin birgə kompleks yaxşılaşdırılması" adlı tədbirdə bildirib.

O xatırladıb ki, 10 il əvvəl ölkədə krallığın iqtisadi və sosial transformasiyasına yönəlmiş "Saudi Vision-2030" proqramı işə salınıb.

"Strategiyanın həyata keçirilməsi üçün yüzlərlə sosial və iqtisadi islahat aparılıb, həmçinin xüsusi icra proqramları işə salınıb, onlardan biri həyat keyfiyyəti proqramıdır", - o deyib.

Əl Hərbi qeyd edib ki, Səudiyyə Ərəbistanında həyat keyfiyyəti iki əsas ölçüdə nəzərdən keçirilir - şəhər mühitinin rahatlıq səviyyəsinin artırılması və əhalinin həyat tərzinin inkişafı, o cümlədən infrastruktura, xidmətlərə və aktiv həyat üçün imkanlara çıxış.

Onun sözlərinə görə, Vision-2030 məqsədləri çərçivəsində özəl sektorun, kiçik və orta biznesin, həmçinin qeyri-kommersiya təşkilatlarının ölkənin ÜDM-na töhfəsinin artırılması göstəriciləri müəyyən edilib və bir sıra istiqamətlərdə artıq əhəmiyyətli irəliləyiş qeydə alınıb.

"Beləliklə, özəl sektorun iqtisadiyyatda iştirakı 51%-ə, kiçik və orta biznesin töhfəsi isə 23%-ə yüksəlib, hədəf göstəricilər 2030-cu ilə qədər müvafiq olaraq 65% və 35%-dir. Qeyri-kommersiya sektorunun töhfəsi beş dəfədən çox artıb - 0,2%-dən 1%-dən çoxa yüksəlib", - o vurğulayıb.