Abbas Abbasov: BTQ yerli xalqların hüquqlarının müdafiəsində uğurlar əldə edib

Xarici siyasət
  • 16 yanvar, 2026
  • 13:18
Abbas Abbasov: BTQ yerli xalqların hüquqlarının müdafiəsində uğurlar əldə edib

Bakı Təşəbbüs Qrupu (BTQ) dünyanın müxtəlif ölkələrində milli azlıqların hüquqlarının müdafiəsinə yönəlmiş beynəlxalq tədbirlərin keçirilməsini davam etdirmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə BTQ-in icraçı direktoru Abbas Abbasov Hindistan hökumətinin milli azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində jurnalistlərə bildirib.

"Bu gün biz təşkilatımızın əsas fəaliyyət istiqamətlərindən biri olan etnik azlıqlara qarşı diskriminasiya siyasətinin nəticələrinə həsr olunmuş konfrans keçiririk. Bugünkü konfrans zikhlərə və digər milli azlıqlara qarşı cinayətlərə, həmçinin Hindistanda zorakılığa həsr olunub. Konfransda ABŞ, Böyük Britaniya və Kanadadan olan nüfuzlu katiblik nümayəndələri, beyin mərkəzlərinin rəhbərləri, hüquqşünaslar və ekspertlər iştirak edirlər", - deyə A.Abbasov qeyd edib.

Onun fikrincə, Hindistan hökumətinin zorakılığı və ayrıseçkilik siyasəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır, beynəlxalq təşkilatlar isə buna ədalətli cavab verməlidirlər.

"Biz, beynəlxalq qeyri-hökumət təşkilatı olaraq, bu mövzunu BMT və digər beynəlxalq qurumların gündəliyinə daxil etməyi planlaşdırırıq", - deyə o vurğulayıb.

A.Abbasov qeyd edib ki, Bakı Təşəbbüs Qrupu müxtəlif ölkələrdə müstəmləkə və neokolonializm siyasətini ifşa edərək, yerli xalqların və etnik azlıqların hüquqlarının müdafiəsi üzrə işini davam etdirir.

"Biz artıq yerli xalqların hüquqlarının müdafiəsində, məsələn, Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə müəyyən uğurlar əldə etmişik", - deyə o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti