Şəkidəki Alban məbədini 9 ayda 40 mindən çox turist ziyarət edib

Turizm
  • 21 oktyabr, 2026
  • 10:52
Şəkidəki Alban məbədini 9 ayda 40 mindən çox turist ziyarət edib

Bu ilin yanvar-sentyabr aylarında "Kiş" Tarix-Memarlıq Qoruğunu (Alban məbədi) ümumilikdə 40 278 turist bilet alaraq ziyarət edib.

Bu barədə "Report"a açıqlamasında Qoruğun bələdçisi Gülnaz Rəsulova bildirib.

Onun sözlərinə görə, onlardan 21 615-i yerli (53,66 %), 18 663-ü xarici (46,34 %) turistdir: "9 066 nəfər isə məbədi ödənişsiz ziyarət edib. Bura dünyanın bütün yerindən turistlər gəlirlər. Bu il hindlilər, koreyalılar, çinlilər, israillilər çox idi. Yayda isə almaniyalı, amerikalı qruplarımız da olub. Buraya Türkiyədən olan bəzi turistlər də qrup şəklində baş çəkib. Bundan başqa, turistlər Alban məbədinə dünyanın bir çox yerindən ailə üzvləri ilə də qonaq gəliblər".

G.Rəsulova qeyd edib ki, bu məbəd Şəkinin iqtisadiyyatına müsbət təsir göstərir: "Abidəyə görə bura gələn insanlar istər-istəməz mağazalardan, kənd məhsullarından, kənd ərazisində yerləşən restoranlardan, qonaq evlərindən istifadə edirlər. Bu da insanlarda hətta bir ehtiyac yaradır ki, qonaq evləri tiksinlər, bu işlə məşğul olsunlar. Yəni bura muzeyləşdiriləndən sonra kənd turizminə də təsir göstərməyə başlayıb".

O əlavə edib ki, kənd ərazisində istehsal ilə məşğul olan insanlar məhsullarını yerli restorana, qonaq evlərinə də verə bilər: "Burada iqtisadi artım çox olub. Yolların da bərpa olunması bir növ qonaqların səfərinin sayını yüksəldib. Qoruğa gələn turistlərin sayında digər illərə nisbətən artım qeydə alınıb".