Sədr müavini: "Sağlamlıq və tibbi turizmdə rəqabət artmaqdadır"
- 15 oktyabr, 2025
- 10:41

Dünyada sağlamlıq və tibbi turizm sahəsində rəqabət artmaqdadır.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Bakıda keçirilən II Azərbaycan Sağlamlıq Turizmi Konfransında bildirib.
Onun sözlərinə görə, müasir sağlamlıq və tibbi turizm sahəsi dinamik inkişafdadır: "Bu isə sənayenin müasir çağırışlarla üz-üzə olması deməkdir. Sağlamlıq turizminin inkişafı üçün mövcud potensial kifayət qədər böyük olsa da, bu sahə kompleks və sistemli yanaşma tələb edir. İdarəetmənin effektivliyi, kadr potensialının artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi gələcək uğurun əsas şərtləridir".
Turizm rəsmisi qeyd edib ki, Agentlik sağlamlıq turizmini prioritet sahə kimi inkişaf etdirmək və Azərbaycanın bu sahədə beynəlxalq rəqabət qabiliyyətini artırmaq istiqamətində daim dəstək verməyə hazırdır: "İnanıram ki, bu kimi tədbirlər sağlamlıq turizmi sahəsində beynəlxalq dialoqu və tərəfdaşlıqları daha da genişləndirmək istiqamətində təkan olacaq.
Əminəm ki, dövlət və özəl sektorun birgə səyləri ilə Azərbaycan ənənə, innovasiya və sağlamlığın vəhdət təşkil etdiyi bir mərkəzə çevriləcək və biz yaxın illərdə sağlamlıq turizminin inkişafında yeni mərhələnin şahidi olacağıq. Biz bütün tərəfdaşları qarşıya qoyulan hədəflərə çatmaq üçün birlikdə addımlamağa dəvət edirik".