Murad Ağabəyli: "Qoruqlara gələn xarici turistlərin payı bir ildə 10 % artıb"

Turizm
  • 31 oktyabr, 2025
  • 11:47
Murad Ağabəyli: Qoruqlara gələn xarici turistlərin payı bir ildə 10 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Turizm Agentliyinin (DTA) Qoruqları İdarəetmə Mərkəzinin tabeliyində olan qoruq və mədəniyyət müəssisələrini ümumilikdə 706 494 nəfər ziyarət edib.

"Report" xəbər verir ki, bu barədə Mərkəzin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ziyarətçi sayı ötən ilin 9 ayı ilə müqayisədə 25,71 % artıb: "Ümumilikdə 547 323 nəfər (77,47 %) xarici, 159 171 nəfər (22,53 %) isə yerli turistlərdir. Qoruq və mədəniyyət müəssisələrinə gələnlər arasında xarici vətəndaşların payı əvvəlki illə müqayisədə 10 % çoxdur".

M. Ağabəyli əlavə edib ki, hesabat dövründə "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ümumilikdə 226 434 nəfər ziyarət edib. Onlardan 204 078-i (90,13 %) xarici, 22 356-sı (9,87 %) isə yerli turist olub.

Onun sözlərinə görə, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu eyni dövrdə 198 167 nəfər ziyarət edib. Ziyarətçilərin 181 238-i (91,46 %) xarici, 16 929-u (8,54 %) isə yerli turistdir.

M. Ağabəyli bildirib ki, "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğuna 140 691 nəfər baş çəkib. Onların 69 675-i (49,53 %) xarici, 71 016-sı (50,47 %) isə yerli turist olub.

O qeyd edib ki, Palçıq Vulkanları Turizm Kompleksini 42 736 nəfər ziyarət edib. Onlardan 38 090-ı (89,12 %) xarici, 4 646-sı (10,88 %) isə yerli turistdir.

M. Ağabəylinin sözlərinə görə, "Kiş" Tarix-Memarlıq Qoruğunu isə 37 645 nəfər ziyarət edib. Bu rəqəmin 18 395-i (48,86 %) xarici, 19 250-si (51,14 %) isə yerli turistlərdir.

Son xəbərlər

Bütün Xəbər Lenti