Mehmet Ersoy: "Azərbaycanın çox böyük turizm potensialı var"

Turizm
  • 09 fevral, 2022
  • 13:59
Mehmet Ersoy: Azərbaycanın çox böyük turizm potensialı var

"Mən qardaş ölkəni ziyarət etdiyim zaman Azərbaycanın çox böyük turizm potensialının olduğuna şahid olmuşam".

"Report"un yerli bürosu xəbər verir ki, bu fikirləri azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirilən "EMİTT 2022" - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi çərçivəsində Azərbaycan stendini ziyarət edərkən bildirib.

Nazir qeyd edib ki, Türkiyənin turizm potensialı yüksək olan bölgələrində Azərbaycanın yetərincə tanıdılması, ölkəyə türk turistlərin cəlb olunmasını artıracaq:

"Burada mövcud qarşılıqlı turizm əlaqələrimizin daha da artırılması əsas məqamlardan biridir".

Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid "Report"a bildirib: "Türkiyə bizim ən vacib bazarlarımızdandır. 2021-ci ildə Türkiyədən Azərbaycana 200 min nəfər səfər edib. Bu, bütün Azərbaycana edilən turistik səfərlərin 25 %-ni təşkil edir".

İcraçı direktor qeyd edib ki, Türkiyə bazarının vacibliyi gözəçarpan göstəricilərdə özünü göstərir: "Biz düşünməliyik ki, bu bazarı necə genişləndirə bilərik. Burada Turizm Bürosu da açmaq istəyirik. Əlaqələrin gücləndirilməsi, yeni aviareyslərin təşkili, gələcəkdə Zəngəzur dəhlizində quru yolların açılması turizm səfərlərinin artmasına gətirib çıxaracaq".

44 - Tezliklə