Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 09 oktyabr, 2026
- 15:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu Lənkəran və Astara rayonlarına yerli turizm sənayesi nümayəndələri üçün tanışlıq səfəri təşkil edib.
"Report" Agentliyə istinadən xəbər verir ki, iki gün davam edən səfərdə turizm sənayesinin 50 nümayəndəsi iştirak edib.
Səfərin məqsədi yerli turizm sənayesi nümayəndələrini bölgənin fərqli turizm imkanları ilə yerində tanış etmək, yeni səyahət marşrutları və turizm məhsullarının inkişafı üçün perspektivləri dəyərləndirmək olub.
Proqram çərçivəsində iştirakçılar yerli turizm məkanlarına baş çəkib, bölgələrin qonaqpərvərlik ənənələri, turizm məhsulları və təklif olunan təcrübələrlə yerində tanış olublar.
Tanışlıq səfəri hər iki rayonun turizm imkanlarının yerli turizm sənayesi nümayəndələrinə daha yaxından tanıdılması və gələcək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Qarşıdakı dövrdə yerli turizm sənayesi nümayəndələri üçün Azərbaycanın digər regionlarına da tanışlıq səfərlərinin təşkili nəzərdə tutulur.