İvanovkada "Turistik kənd" konsepsiyasına uyğun olaraq infrastruktur yaradılır

Turizm
  • 07 oktyabr, 2026
  • 12:33
İvanovkada Turistik kənd konsepsiyasına uyğun olaraq infrastruktur yaradılır

İsmayıllı rayonunun İvanovka kəndində bərpa və quruculuq işlərinə hazırlıq çərçivəsində layihələndirmə işləri həyata keçirilir.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mədəni irsin idarə edilməsi sektorunun müdiri Rüstəm Mehdizadə jurnalistlərə açıqlamasında bildirib.

"Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda regionların və turizm məhsullarının inkişafı prioritet istiqamət kimi müəyyən olunub. Agentliyin "Turistik kənd" konsepsiyası çərçivəsində respublikada 8 kənd seçilib. Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi konsepsiyasına uyğun turizm infrastrukturu layihəsinə daxil edilib. Layihənin əsas məqsədi regiona turist cəlb etməklə yanaşı, turizmdən əldə olunan gəlirlərin birbaşa yerli icmalara yönəldilməsini və onların inkişafına xidmət etməsini təmin etməkdir", - deyə o qeyd edib.

R.Mehdizadənin sözlərinə görə, həmin 8 kənddən biri - İvanovkaya səfər edən turistlər qonaqlama, yerləşmə və qidalanma xidmətlərindən yararlanacaq: "Bununla icma əsaslı turizmin inkişafına təkan verilməsi planlaşdırılır. Sözügedən kəndlərdə xidmət keyfiyyətinin artırılması istiqamətində də kənd qonaq evlərinin sahiblərinə təlimlər həyata keçirilir. Təlimlərin əsas məqsədi xidmət keyfiyyətinin artırılmasıdır. Belə ki, turistlərin necə qarşılanması, yola salınması, onlarla davranış qaydaları, eyni zamanda xarici dil biliklərinin artırılması istiqamətində də təlimlərin verilməsi planlaşdırılır".

44 - Tezliklə