"Galt & Taggart": Bu il Gürcüstanın turizm gəlirləri 5 milyard dollara yaxın olacaq
- 27 oktyabr, 2025
- 15:24
Bu il Gürcüstanın turizm sektorundan 4,6 milyard ABŞ dolları gəlir əldə edəcəyi proqnozlaşdırılır.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə "Galt & Taggart" şirkətinin "Weekly Review" adlı icmalında bildirilir.
Gürcüstan Milli Bankının açıqladığı statistikaya görə, bu ilin III rübündə turizm gəlirləri 1,7 milyard ABŞ dolları təşkil edib və bu da illik müqayisədə 6,6 %-lik artım deməkdir. Yanvar-sentyabr aylarında isə turizmdən 3,6 milyard ABŞ dolları gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 5,1 % çoxdur.
"Galt & Taggart"ın icmalında vurğulanıb ki, əvvəlki proqnozda Gürcüstanın turizm sektorundan əldə edəcəyi gəlirlər 4,5 milyard ABŞ dolları kimi qiymətləndirilirdi.
Şirkətin ekspertləri qeyd edirlər ki, Gürcüstanın turizm sektorundakı davamlı artım bu ölkənin iqtisadiyyatına mühüm töhfə verir və gələcək illərdə də bu tendensiyanın davam edəcəyi gözlənilir.