"Euronews": Azərbaycan və Ermənistan arasında sülh sazişi regionun inkişafında yeni mərhələ açır

Turizm
  • 16 sentyabr, 2025
  • 11:11
Euronews: Azərbaycan və Ermənistan arasında sülh sazişi regionun inkişafında yeni mərhələ açır

Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazın inkişafında yeni mərhələ açır, regionun perspektivli turizm istiqamətlərindən birinə çevrilməsi üçün şərait yaradır.

"Report" xəbər verir ki, bu barədə "Euronews" telekanalının saytında dərc olunan materialda deyilir.

Məqalədə vurğulanır ki, Azərbaycanın müasir infrastrukturu və beynəlxalq bazarlarla möhkəm əlaqələri yeni turist axınlarının cəlb edilməsi üçün əlverişli şərait yaradır.

"Euronews" qeyd edir ki, son on ildə Azərbaycan hava limanlarının modernləşdirilməsinə, mehmanxana sektorunun və infrastrukturun inkişafına əhəmiyyətli investisiyalar yönəldib.

"Azərbaycan artan tələbata tez reaksiya verməyə hazırdır. Sülh sazişi isə investorların etimadını artırır, bazarımızı dünya brendləri üçün daha cəlbedici edir", - Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid bildirib.

Bakı və İrəvan arasında sülh sazişinin paraflanmasından bəhs edən F.Zenqstşmid vurğulayıb ki, sərhədlərin açılması uzun illər sonra ilk dəfə olaraq Cənubi Qafqazı vahid turizm məkanı kimi təşviqinə, uyğunlaşdırılmış turlar üçün şərait yaratmağa və regionu uzaq ölkələrdən olan turistlər üçün cəlbedici etməyə imkan verəcək.

Məqalədə qeyd olunur ki, TRIPP nəqliyyat dəhlizinin ("Tramp marşrutu") - Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsinin açılması Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə vasitəsilə isə Avropa bazarları ilə birləşdirəcək ambisiyalı bir layihədir.

 

Müəllifin sözlərinə görə, Azərbaycanın turizm sektoru üçün bu yeni reallıq çox şey təklif edir: "Bu, ölkənin təhlükəsiz və açıq istiqamət kimi imicini dəyişdirir". 

"Dünya daha tarazlaşdırılmış və diversifikasiya olunmuş bazarlara doğru irəliləyir, bütün turizm sektorunun dayanıqlılığını gücləndirir", - F.Zengstşmid bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti