Dünya Bankı: Azərbaycan turizmi bir neçə bazardan həddindən artıq asılıdır

Turizm
  • 09 iyul, 2026
  • 10:50
Dünya Bankı: Azərbaycan turizmi bir neçə bazardan həddindən artıq asılıdır

Azərbaycana gələn xarici turistlərin 66 %-i cəmi 3-4 əsas bazarın payına düşür ki, bu da ölkənin turizm sektoru üçün struktur riski yaradır.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Özəl Sektor üzrə baş mütəxəssisi Şon Mann Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, turist axınının məhdud sayda bazardan asılı olması həmin ölkələrdə baş verə biləcək iqtisadi və ya siyasi dəyişikliklər nəticəsində Azərbaycanda turizm tələbinin kəskin azalmasına səbəb ola bilər: "2017–2025-ci illərin dinamikası turizm bazarında mühüm dəyişikliklərin baş verdiyini göstərir. Belə ki, Hindistan, Səudiyyə Ərəbistanı, İsrail, Çin, Pakistan və Türkiyədən Azərbaycana gələn turistlərin sayı artıb. Bunun əksinə olaraq, Azərbaycanın ənənəvi turizm bazarları hesab olunan Rusiya, Gürcüstan, İran və Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayında azalma müşahidə edilib".

Dünya Bankının nümayəndəsi bildirib ki, bu dəyişikliklər qismən hava nəqliyyatı əlaqələri və viza rejimindəki yeniliklərlə bağlı olsa da, eyni zamanda bazarların strukturunda baş verən transformasiyanı əks etdirir: "Yeni bazarlardan daha çox turist cəlb etmək üçün həmin ölkələrin tələbatına uyğun turizm məhsullarının hazırlanması və təklif olunması vacibdir. Bu yanaşma Azərbaycanın turizm sektorunun dayanıqlığını artırmaqla yanaşı, bazarların şaxələndirilməsinə də töhfə verə bilər".

44 - Tezliklə