Bakıda “Küçə sənətçiləri” layihəsinin icrasına başlanılır

Turizm
  • 26 iyul, 2019
  • 08:11
Bakıda “Küçə sənətçiləri” layihəsinin icrasına başlanılır

Bakı Turizm İnformasiya Mərkəzi “Küçə sənətçiləri” layihəsinin icrasına başlayır.

“Report” xəbər verir ki, bu gün layihənin təqdimatı keçirilib.

Layihə barədə məlumat verən Mərkəzin direktoru Rüfət Bağırov bildirib ki, paytaxtın 3 yerində - Dənizkənarı Milli Parkda, “İçərişəhər”də və Nizami küçəsində küçə sənətçilərinin fəaliyyətinə imkan yaradılacaq.

“İstedadına güvənənlər bizə müraciət edib kastinqdən keçməlidirlər. İstəyirik ki, bir sənəti yalnız 1 nəfər təmsil etsin. Əgər bir sənəti təmsil edənin sayı çox olsa o zaman ona maraq da olmaz. Küçə sənətçilərinin fəaliyyət göstərməsi üçün yayda açıq, qışda isə qapalı məkanlar nəzərdə tutulur. Kastinqə gələnlərdən heç bir ödəniş və yaxud rüsum tələb olunmur”, - deyə o, qeyd edib.

Bakı İnformasiya Mərkəzinin direktoru küçə sənətçilərinin vergiyə cəlb olunması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Turistin onlara verəcəyi ödəniş bəxşiş sayılır və buna görə də küçə sənətçiləri heç bir vergiyə cəlb olunmayacaq. Küçə sənətçiləri vergidən azaddır".