Azərbaycanın turizm imkanları WUF13 çərçivəsində təqdim olunur

Turizm
  • 19 may, 2026
  • 20:53
Azərbaycanın turizm imkanları WUF13 çərçivəsində təqdim olunur

Azərbaycanın turizm imkanları Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təqdim olunur.

Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu WUF13 çərçivəsində təşkil olunmuş "Urban Expo" sərgisindəki Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanlarını tanıdır.

"Ziyarətçilərə ölkəmizin mədəni turizm, qastroturizm, qış turizmi, ekoturizm, eləcə də Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı və "Zəfər Yolu" marşrutu boyunca turizm imkanları barədə ətraflı məlumat verilir.

Milli stenddə ziyarətçilərə virtual reallıq (VR) texnologiyası vasitəsilə Azərbaycanın müxtəlif turistik məkanlarını kəşf etmək imkanı təqdim olunur, şəbəkə ustası tərəfindən keçirilən master-klaslar çərçivəsində iştirakçılara şəbəkə sənəti tanıdılır.

Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın zəngin çay mədəniyyətini təqdim edən məlumat sessiyası keçirilir və milli şirniyyatlarla çay təqdim olunur", - məlumatda qeyd olunub.

Bundan əlavə, ziyarətçilər üçün quş müşahidəsi turizminin təşviqinə həsr olunmuş təqdimat sessiyaları təşkil olunaraq Azərbaycanın ekoloji müxtəlifliyi və milli parkları haqqında ətraflı məlumat verilir.

Tədbir müddətində Azərbaycan turizminə həsr olunan məlumatlandırıcı sessiyalar davam etdiriləcək.