Azərbaycanın turizm imkanları Rusiyada təqdim olunub
- 19 mart, 2026
- 16:29
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 16-18 martda Rusiyada silsilə tanıtım tədbirləri həyata keçirilib.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, "Şahdağ Turizm Mərkəzi" və "Azərbaycan Hava Yolları" QSC-lər daxil olmaqla 13 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlər Moskva və Sankt-Peterburq şəhərlərində təşkil olunub.
Rusiyadan olan 240-dan çox turizm şirkəti və media nümayəndəsinin qatıldığı görüşlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib. İştirakçılara ölkəmizin sağlamlıq turizmi, qastronomiya, mədəniyyət və işgüzar tədbirlər sahəsində mövcud imkanları barədə ətraflı məlumat verilib, həmçinin B2B formatında görüşlər keçirilib.
Moskvada keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev iştirak edib.