Azərbaycandan xaricə bu ay üçün birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb

Turizm
  • 01 oktyabr, 2024
  • 14:19
Azərbaycandan xaricə bu ay üçün birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb

Oktyabr ayında Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək orta uçuş qiyməti Çinin paytaxtı Pekin istiqamətində qeydə alınıb.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtından Pekinə birbaşa uçmaq 336 avroya, tranzit yolla uçmaq isə 376 avroya başa gəlir.

Ötən il Pekinə birbaşa uçuşlar qeydə alınmayıb, tranzitlə isə uçuşun dəyəri 2023-cü ilin eyni ayı ilə müqayisədə 2,9 dəfə ucuzlaşıb.

2-ci yerdə İngiltərənin paytaxtı London qərarlaşıb. Bu şəhərə birbaşa və tranzitlə aviabiletlərin qiymətləri müvafiq olaraq 242,5 avro və 178,5 avro təşkil edir. Ötən ilin eyni dövrünə nisbətən qiymətlər müvafiq olaraq 46,8 % və 67,4 % azalıb.

Növbəti yeri Rusiyanın Novosibirsk şəhəri tutub. Bu şəhərə birbaşa uçuş 15,7 % ucuzlaşaraq 236 avroya, tranzit ilə uçuş isə 43,5 % ucuzlaşaraq 224 avroya enib.

Oktyabrda Bakıdan tranzit aviareyslərin ən yüksək orta uçuş qiyməti 660 avro (+ 69,2) olmaqla Səudiyyə Ərəbistanının üçüncü böyük şəhəri və maliyyə paytaxtı hesab olunan Dammama qeydə alınıb.

İlk üçlüyə ABŞ-nin Nyu-York şəhəri 558 avro (- 11,5 %) və Pakistanın Karaçi şəhəri 523 avro (+36,1 %) aviabiletlərin qiyməti ilə daxil olub. Nyu-Yorka və Karaçiyə birbaşa reyslər olmayıb.

Bundan əlavə, Azərbaycandan əsas istiqamətlər üzrə Rusiya, Turkiyə, BƏƏ və Gürcüstana da birbaşa və tranzit yolla səyahət edənlər üçün aviabiletlərin minimum qiymətləri açıqlanıb.

Bu ay birbaşa aviareyslərdə ən yüksək orta uçuş qiyməti Novosibirskdən sonra, 152 avro ilə Rusiyanın Ufa şəhərinədir. Bu şəhərə tranzit uçuş isə 142 avroya başa gəlib. Bunlar, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 8,4 % və 55,2 % azdır.

Rusiyanın paytaxtı Moskva şəhərinə birbaşa 146 avroya (-17%), tranzitlə 140 avroya (-70%), Kazana birbaşa 144 avroya (-22,1 %), tranzitlə 180 avroya (- 50 %), Samaraya birbaşa 123 avroya (- 25,9%), tranzitlə 187 avroya (-31,2%), Volqoqrada birbaşa 120 avro (- 23,5 %), tranzitlə 190,5 avroya (-31,9 %), Vladiqafqaza birbaşa 118 avroya, tranzitlə 182 avroya (-50,2%), Soçiyə birbaşa 79 avroya (- 40,1 %), tranzitlə 111 avroya (- 65,4 %), Qroznıya birbaşa 77 avroya (- 37,3 %), tranzitlə 231 avroya (- 47,6 %), Həştərxanaya birbaşa 67 avroya (- 45,5 %), tranzitlə 237 avroya (- 25,9 % ), Mahaçqalaya birbaşa 63 avroya (-59,4 %), tranzitlə 140 avroya (- 50,7 % ) səfər etmək mümkündür.

Türkiyə istiqamətində aviabiletlərin orta qiyməti İstanbula birbaşa 122 avro (- 19,7 %), tranzitlə 120 avro (-31,2 %), İzmirə birbaşa 85 avro (- 35,1 %), tranzitlə 238,5 avro (- 11,6 %), Ankaraya birbaşa 84 avro (- 48,4 %) təşkil edir. Ankaraya tranzit uçuşlar qeydə alınmayıb. Bodruma (tranzitlə 246 avro, + 1,8%), Alanyaya (tranzitlə 170 avro, - 46,8 %) və Antalyaya (tranzitlə 135 avro, - 50 %) birbaşa uçuşlar qeydə alınmayıb.

Ərəb ölkələri istiqamətində aviabiletlərin qiyməti Ciddəyə birbaşa 173 avro, tranzitlə 172 avro (+ 25,8 %), Şarjaya birbaşa 158 avro (- 24 %), Ər-Riyada birbaşa 154 avro (- 12,4 %), tranzitlə 177 avro (- 61,7 %), Dubaya birbaşa 135 avro (-45,1 %), Əbu-Dabiyə birbaşa 83 avro (+ 48,2 %) müəyyən olunub. Şarjaya, Dubaya və Abu-Dabiyə tranzit uçuşları qeydə alınmayıb. Küveytə birbaşa reyslər qeydə alınmayıb, tranzitlə isə 278 avroya ( -25,2 %) təşkil edib.

Gürcüstana isə uçuşlar Batumiyə birbaşa 74 avroya, tranzitlə 206 avroya (-28,9 %), Tbilisiyə isə birbaşa 50 avroya (- 50,9 %) başa gəlir. Gürcüstan paytaxtına tranzit uçuşlar qeydə alınmayıb.