Azərbaycandakı qoruqları 8 ayda 432 min nəfər bilet almaqla ziyarət edib
- 28 sentyabr, 2026
- 12:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı qoruqları 432 min nəfər bilet almaqla ziyarət edib.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli palçıq vulkanları turizm kompleksinə təşkil olunmuş mediatur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Eyni zamanda, bilet almadan, yəni ödənişsiz şəkildə ziyarət edənlərin sayı 100 minə yaxındır. Bilet alaraq ziyarət edənlərin 71 %-ni xarici turistlər təşkil edir. Bu da kifayət qədər yüksək rəqəmdir. Məsələn, Palçıq vulkanları turizm kompleksini götürsək, burada ziyarət edənlərin təxminən 93-94 %-ni xaricilər təşkil edir. Amma digər qoruqlarımızda, məsələn, Şəki "Yuxarı Baş" qoruğunda ziyarət edənlərin təxminən 50%-i xaricilərdir", - deyə o qeyd edib.
M.Ağabəylinin sözlərinə görə, palçıq vulkanları turizm kompleksi son illərdə turistlərin ən çox ziyarət etdiyi turizm obyektlərindən biridir: "İl ərzində minlərlə turist vulkanları ziyarət edir, yaradılan şəraitlə tanış olur. Kompleks ərazisində Turizm İnformasiya Mərkəzi, ustad dərslərinin keçirildiyi məkanlar, dulusçuluq və rəsm emalatxanaları, eyni zamanda müxtəlif mineral süxurların sərgiləndiyi sərgi zalı, təbiət tarixi sərgi zalı və digər belə məhsullar mövcuddur".