Azərbaycanda hotellər üçün minimum internet standartları tətbiq olunacaq
- 27 yanvar, 2026
- 11:35
Azərbaycanda yerləşmə obyektlərində internet bağlantısının keyfiyyəti ilə bağlı minimum standartların tətbiqi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev "Azərbaycan qonaqpərvərlik sahəsində bağlantı Sammiti"ndə deyib.
Onun sözlərinə görə, müasir dövrdə internet artıq hotellər üçün əlavə xidmət deyil, elektrik və qaz kimi əsas infrastruktur tələbi hesab olunur, o cümlədən ulduz təsnifatı meyarlarının vacib hissəsinə çevrilib.
R.Əliyev qeyd edib ki, beynəlxalq standartlara əsasən hotellərin bütün ərazilərində Wi-Fi bağlantısı təmin olunmalıdır: "Biz yalnız internetin mövcudluğundan deyil, onun keyfiyyətindən danışırıq. Telekommunikasiya operatorları yüksək sürət təqdim etsə də, bəzən hotellərin daxili infrastrukturu həmin sürəti son istifadəçiyə çatdıra bilmir. Məqsəd bu zəncirdəki boşluqları aradan qaldırmaqdır".
O əlavə edib ki, ATB bu ildən etibarən təsnifat prosesini tam rəqəmsal formata keçirəcək: "Üstəlik, 2026-cı ilin sonunadək qeyri-hotel tipli yerləşmə obyektləri üçün də yeni standartlar hazırlanacaq və həmin sənəddə minimum internet bağlantısı tələblərinin bütün obyektlərə şamil edilməsi nəzərdə tutulur".