Azərbaycana turist axını 5 % artıb

Turizm
  • 20 fevral, 2026
  • 10:55
Azərbaycana turist axını 5 % artıb
google.az

Bu ilin yanvar ayında Azərbaycana 181 637 əcnəbi vətəndaş səfər edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 8 984 nəfər və yaxud 5 % çoxdur.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadə xəbər verir.

Məlumata görə, ötən ay turist axını Rusiyadan illik müqayisədə 2 % artımla 42 342 nəfər, Türkiyədən 15,5 % artımla 36 536 nəfər, İrandan isə 2,1 % artımla 15 399 nəfər olub.

Cənubi Asiya regionu üzrə Hindistandan gələnlərin sayı 9 070 nəfər təşkil edib. Yaxın Şərq regionunun əsas bazarı olan Səudiyyə Ərəbistanından gələnlərin sayı artım göstərərək 8 976 nəfərə çatıb. Bu da ötən ilin yanvarı ayı ilə müqayisədə 2 783 nəfər və yaxud 44,9 % artım deməkdir.

İlk onluqda qərarlaşan digər ölkələr - Gürcüstan (8 734 nəfər), Pakistan (6 758 nəfər), Qazaxıstan (5 676 nəfər), Özbəkistan (5 130 nəfər) və İsrail (4 972 nəfər) olub.

Regionlar üzrə dinamika göstərir ki, Yaxın Şərq ölkələrindən gələnlərin sayı 22 % artaraq 26 240 nəfərə, Qərbi Avropa ölkələrindən gələnlərin sayı isə 44 % artaraq 6 819 nəfərə çatıb.

Mərkəzi Asiyanın əsas bazarlarından olan Qazaxıstandan gələnlərin sayı 5 676 nəfər təşkil edib ki, bu da 2,5 % artım deməkdir. Özbəkistandan gələnlərin sayı isə 5 130 nəfərə çataraq 72,3 % artım nümayiş etdirib.

Bu ildən Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu hədəf ölkələrdə ənənəvi təbliğat üsulları ilə yanaşı, rəqəmsal alətlərdən və sosial media kampaniyalarından daha geniş şəkildə istifadə etməklə marketinq və kommunikasiya fəaliyyətlərinin gücləndirilməsini planlaşdırır.

"2024-2026-cı illər üzrə Turizm Marketinq Strategiyası"na müvafiq olaraq həyata keçiriləcək tədbirlər mədəniyyət turizmi, sağlamlıq turizmi, təbiət və macəra turizmi, işgüzar tədbirlər turizminin hədəf bazarlarda daha effektiv tanıdılmasına xidmət edəcək.

Beynəlxalq turizm marketinq fəaliyyəti müxtəlif hədəf bazarlar üzrə prioritetlərə uyğun olaraq onlayn, oflayn (beynəlxalq turizm sərgilərində iştirak, B2B və B2C görüşlər, seminarlar, təqdimatlar, xarici media və sənaye nümayəndələri üçün tanışlıq səfərləri) və media-kommunikasiya kanallarının inteqrasiyalı istifadəsini ehtiva edir. Məqsəd ilk mərhələdə Azərbaycan haqqında rəqabətqabiliyyətli və çoxşaxəli turizm istiqaməti kimi məlumatlılığı artırmaq, növbəti mərhələdə Azərbaycanı brend kimi tanıtmaqla ölkəmizə səyahəti və marağı təşviq etmək, nəticə olaraq isə bu marağı real səfər qərarına çevrilməsinə təkan vermək və qlobal mövqeyini gücləndirməkdir.

Beynəlxalq turizm marketinq kampaniyaları planlaşdırılarkən qlobal turizm trendləri, regional dəyişikliklər, turistlərin səyahət davranışındakı transformasiyalar əsas götürülür. Ümumilikdə, 2026-cı il üzrə marketinq kampaniyalarında əvvəlki illərin uğurlu təcrübəsinə əsaslanmaqla daha genişmiqyaslı, rəqəmsal və bazar ehtiyaclarına daha çevik uyğunlaşan bir yanaşma tətbiq edilməsi hədəflənir.

Son xəbərlər

Bütün Xəbər Lenti