Azərbaycan yaxın 5 ildə turizmin qeyri-neft-qaz ÜDM-də payını 10 %-ə yaxınlaşdırmağı hədəfləyir
- 27 fevral, 2026
- 16:51
Yeniliklərdən dərhal xəbərdar olun!
2030-cu ilə qədər Azərbaycanda turizm sektorunun qeyri-neft-qaz iqtisadiyyatında payının 9,2 %-ə çatdırılması hədəflənir.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Günay Bayramova Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, 2026-cı ildə sektorda 7,7 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunması planlaşdırılır ki, bu da qeyri-neft-qaz ÜDM-nin 8 %-ni təşkil edəcək: "Bu rəqəmin 2027-ci ildə 8,5 milyard manat (8,2 %), 2028-ci ildə 9,5 milyard manat (8,3 %), 2029-cu ildə 10,6 milyard manat (8,7 %), 2030-cu ildə isə 11,8 milyard manat (9,2 %) olması nəzərdə tutulur".
Bundan başqa, G.Bayramova deyib ki, yaxın 3 ildə Azərbaycanda turizm sənayesində muzdlu qaydada çalışanların sayı 100 mini keçəcək: "Bu rəqəmin 2026-cı ildə 92,7 min nəfər (2025-ci illə müqayisədə 6,2 % çox), 2027-ci ildə 97,8 min nəfər (5,6 % çox), 2028-ci ildə 103 min nəfər (5,3 % çox), 2029-cu ildə 108,3 min nəfər (5,1 % çox), 2030-cu ildə isə 113 min nəfər (4,3 % çox) olacağı gözlənilir".