Azərbaycan vətəndaşlarının xaricdə turizm xərcləri 7 %-dən çox azalıb - TƏHLİL

Turizm
  • 01 may, 2026
  • 17:37
Azərbaycan vətəndaşlarının xaricdə turizm xərcləri 7 %-dən çox azalıb - TƏHLİL

Bu ilin I rübündə Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki turizm xərcləri 405 milyon 796 min manat təşkil edib.

"Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 % azdır.

Yanvar-mart aylarında ən çox vəsait nəqliyyata xərclənib. 3 ay ərzində azərbaycanlı turistlərin nəqliyyat xərcləri 161 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,4 % çoxdur.

Hesabat dövründə turistlərimizin yerləşmə xərcləri azalıb. Bu məqsədlə 71 milyon 505 min manat xərclənib ki, bu da illik müqayisədə 30,8 % azdır.

I rübdə qidalanmaya çəkilən xərclər isə 82 milyon 767 min manat təşkil edib. Bu sahədə 6,2 % azalma qeydə alınıb.

Azərbaycan vətəndaşları xaricdə alış-veriş və hədiyyələr üçün isə 64 milyon 676 min manat sərf edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,5 % azdır.

Vətəndaşlarımız turpaketlərin alınmasına isə 18 milyon 49 min manat xərcləyib. Bu sahədə 1 il əvvəllə müqayisədə 82,2 % artım qeydə alınıb.

Azərbaycanlı turistlərin idman və əyləncə xərcləri isə 9 % azalaraq 2 milyon 555 min manata düşüb, mədəniyyət xərcləri isə 35,1 % artaraq 1 milyon 443 min manata çatıb.

Yanvar-mart aylarında nəqliyyat vasitələrinin icarəsinə isə 758,8 min manat xərclənib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,5 % azdır.

Turistlərin digər xərcləri isə 23,8 % azalma ilə 3 milyon 36 manat təşkil edib.

Vətəndaşlarımızın ayrı-ayrı ölkələrdə turizmə xərclədikləri vəsaitlərə gəlincə isə 3 ay ərzində Türkiyədə 153 milyon 885 min manat xərclənib. Bu, illik müqayisədə 0,4 % çoxdur. Bu ölkədə ən böyük xərc nəqliyyat və yerləşməyə çəkilib. Nəqliyyat xərcləri 15,4 % artaraq ilə 55 milyon 749 min manat, yerləşmə xərcləri isə 36,6 % azalma ilə 22 milyon 234 min manat olub. Hesabat dövründə Türkiyədə qidalanmaya 31 milyon 347 min manat (16,4 % çox), mədəniyyətə 607 min manat (2,2 dəfə çox), turpaketlərə 8 milyon 150 min manat (16,4 % çox), nəqliyyat vasitələrinin icarəsinə 354,4 min manat (11,3 % çox), idman və əyləncəyə 901,1 min manat (3 % çox), mallara və hədiyyələrə 34 milyon manat (2,1 % çox), digər məsələlərə isə 529 min manat olmaqla (2,1 dəfə çox) xərclənib.

I rübdə Rusiyada isə Azərbaycan vətəndaşlarının xərcləri 63 milyon 990 min manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % azdır. O cümlədən, nəqliyyata 26 milyon 724 min manat (3,2 % çox), yerləşməyə 10 milyon 68 min manat (47,6 % az), qidalanmaya 14 milyon 690 min manat (2,6 % az), mədəniyyətə 178 min manat (7,2 % az), turpaketlərə 441,3 min manat (16 %), nəqliyyat vasitələrinin icarəsinə 71,3 min manat (7,7 % az), idman və əyləncə 325,4 min manat (7,5 % az), alış-verişə 10 milyon 737 min manat (3,2 % az), digər məsələləri isə 753 min (1,6 % az) xərclənib.

Yanvar-mart aylarında Birləşmiş Ərəb Əmirliklərində isə vətəndaşlarımızın turizm xərcləri 29 milyon 313 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,7 % azdır. O cümlədən, nəqliyyata 12 milyon 145 min manat (2,2 dəfə az), yerləşməyə 6 milyon 624 min manat (2,3 dəfə az), qidalanmaya 6 milyon 491 min manat (2,2 dəfə az), mədəniyyətə 114 min manat (25 % az), turpaketlərə 474 min manat (43 % az), nəqliyyat vasitələrinin icarəsinə 36,5 min manat (2,2 dəfə az), idman və əyləncəyə 308,4 min manat (44,4 % az), alış-verişə 2 milyon 806 min manat (45,6 % az), digər məsələlərə isə 311 min manat (47,5 % az) xərclənib.

Yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1 il əvvələ nisbətən 3,5 % azalaraq 452,6 min nəfər olub. Vətəndaşlarımızın 40,2 %-i Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % çox), 15,6 %-i Rusiyaya (4 % az), 10,2 %-i Gürcüstana (11 % az), 9,3 %-i İrana (15,8 % az), 24,7 %-i isə digər ölkələrə (8,7 % az) gedib, gedənlərin 66,3 %-ni kişilər, 33,7 %-ni qadınlar təşkil edib.

Xariciə gedən vətəndaşlarının 69 %-i hava, 29 %-i dəmir yolu və avtomobil, 2 %-i isə dəniz nəqliyyatından istifadə edib.