Azadə Hüseynova: "Zəngin təbii resurslarımız sağlamlıq turizmi üçün böyük potensialdır"

Turizm
  • 15 oktyabr, 2025
  • 10:36
Azadə Hüseynova: Zəngin təbii resurslarımız sağlamlıq turizmi üçün böyük potensialdır

Azərbaycanın zəngin təbii resursları sağlamlıq turizmi üçün böyük potensialdır.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Bakıda keçirilən II Azərbaycan Sağlamlıq Turizmi Konfransında bildirib.

Onun sözlərinə görə, turizmin müxtəlif istiqamətləri arasında sağlamlıq turizmi xüsusi yer tutur və həm iqtisadi, həm də sosial baxımdan strateji əhəmiyyət daşıyır: "Bu sahə təkcə ölkəyə əlavə valyuta gətirmir, eyni zamanda insanların həyat keyfiyyətinin yüksəlməsinə, rifah və sağlamlıq mədəniyyətinin təşviqinə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmasına xidmət edir".

Turizm rəsmisi qeyd edib ki, ölkəmiz zəngin təbii resursları, müasir infrastruktur imkanları ilə bu istiqamətdə böyük potensiala malikdir: "Naftalandakı neft, Naxçıvandakı duz dağı, Qarabağ və Şərqi Zəngəzurda yerləşən təbii balneoloji mənbələr həm regionda, həm də beynəlxalq səviyyədə tarixən tanınıb. Həmçinin Abşeron, Şabran, Qəbələ, Lənkəran, Şəki kimi bölgələrdəki sağlamlıq mərkəzləri həm yerli, həm də xarici turistlərin seçdiyi məkanlardandır. Bu sahənin inkişafına ölkə rəhbərliyi xüsusi diqqət ayırıb. Fürsətdən istifadə edib, Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya turizm və səhiyyə sənayesi adından öz minnətdarlığımı çatdırmaq istərdim".

Bundan başqa, onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə qəbul edilmiş "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda tibbi turizmin inkişafı prioritet istiqamətlərdən biri müəyyən edilib: "Bu siyasət çərçivəsində müasir səhiyyə infrastrukturunun yaradılması, kadr potensialının gücləndirilməsi, xidmət keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Sağlamlıq turizminin inkişafında "Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam da bu sahəyə dövlət səviyyəsində göstərilən davamlı diqqətin növbəti nümunəsidir. Bu sənəd Naftalan neftinin müasir turizm məhsulu kimi beynəlxalq bazarlarda tanıdılmasını və ölkəmizin sağlamlıq turizmi potensialının daha geniş miqyasda təbliğini hədəfləyir".

"Son illərdə Dövlət Turizm Agentliyi sağlamlıq turizminin inkişafı istiqamətində bir sıra vacib layihələr həyata keçirib.

Ötən il Şuşada keçirilən sağlamlıq turizmi üzrə ilk konfrans bilik və təcrübə mübadiləsi üçün beynəlxalq platforma rolunu oynayaraq ölkəmizin bu sahədə tanıdılmasına mühüm töhfə verdi. Bundan əlavə, Dövlət Turizm Agentliyi ilə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi arasında "Tibbi turizmin inkişafı üzrə birgə əməkdaşlığa dair Fəaliyyət Planı" təsdiq olunub. Bu plan sağlamlıq turizminin idarəetmə çərçivəsinin təkmilləşdirilməsini, bu sahədə potensialın tanıdılmasını və tibbi xidmətlərə əlçatanlığın artırılmasını nəzərdə tutur. Bugünkü tədbir də həmin siyasətin davamı kimi atılan ardıcıl addımlardan növbətisidir", - deyə o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti