Aydın Məhərrəmov: "Tibbi turizmin inkişafı üçün beynəlxalq standartların tətbiqi vacibdir"
- 15 iyul, 2026
- 16:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda tibbi turizmin inkişafı və ölkənin dünya tibbi turizm bazarında rəqabət qabiliyyətinin artırılması üçün beynəlxalq standartların tətbiqi vacibdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Tibbi və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin üzvü Aydın Məhərrəmov Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə deyib.
Onun sözlərinə görə, hazırda bəzi tibb müəssisələri daxili standartlara cavab versə də, beynəlxalq tələblərə uyğunlaşmaq istiqamətində əlavə işlər görülməlidir: "Azərbaycanda tibbi turizmin inkişafı üçün ilk addımlardan biri bu sahədə standartlaşdırmanın həyata keçirilməsi və beynəlxalq standartların tətbiqinə dəstək göstərilməsidir. Beynəlxalq standartlar ölkədaxili standartlara da çevrilməlidir".
A. Məhərrəmov bildirib ki, bu proses yalnız bir qurumun səyi ilə mümkün deyil və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti tələb olunur: "İlk növbədə Azərbaycanın dünya tibbi turizm bazarında hansı səviyyəyə çatmalı olduğu müəyyən edilməli, daha sonra isə tibb müəssisələrinin həmin standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görülməlidir. Nəticədə tibbi xidmətlərin keyfiyyəti yüksələcək və Azərbaycan tibbi turizm bazarında daha rəqabətli mövqe qazana biləcək".