Ahilik mərkəzindən Yapon Bağına səyahət və təbiətlə bütövləşən Çankırı Duz Mağarasından REPORTAJ
- 20 dekabr, 2025
- 10:00
Türkiyənin Turizmin İnkişaf etdirilməsi Agentliyinin dəvəti ilə "Go Türkiye" proqramı çərçivəsində getdiyimiz yerlərin tarixini, mədəniyyətini və turizm potensialını göstərmək üçün paytaxt Ankaradan sonra üz tutduğumuz ikinci şəhər Çankırı olur.
Mərkəzi Anadoluda yerləşən, hetlər, Roma, Bizans və Osmanlı dövrlərində mühüm yaşayış və ticarət məkanı olan Çankırı bu gün, əsasən, təbii müalicə məqsədilə istifadə edilən duz mağaraları ilə tanınır. Bu səbəbdən elə ilk ziyarət etdiyimiz məkan da dünyanın ən qədim və böyük duz mədənlərindən biri olan Çankırı Duz Mağarasıdır.
Bələdçimizin verdiyi məlumata görə, burada qaya duzu təbəqələri təxminən 24 milyon il əvvəl tapılıb və son beş min ildə ərazidən aktiv şəkildə duz çıxarılır. 1998-ci ildən isə Türkiyədə bu duzdan süfrədə istifadə olunur. Duzla zəngin havası səbəbindən mağaranın nəfəs yolları üçün faydalı olduğu düşünülür və bəzi hissələri ziyarətçilər üçün açıqdır.
Mədənə daxil olarkən məkanın duz çıxarılması nəticəsində həm də kiçik yeraltı şəhərə çevrildiyini müşahidə edirik. Mağarada maraqlı məqamlardan biri bəzi hissələrində təbiətin öz "arxiv"ini qorumasıdır. Belə ki, burada qədim qazıntı izləri, çürümüş heyvan qalıqları, daş alətlər mövcuddur ki, onlar öz tarixlərinə işıq tuturlar.
Mağaranın əsas simvolu isə burada tapılan və təxminən 200 il əvvələ aid olan uzunqulaq qalığıdır. O, ayağı sındığı üçün mağaranın bir küncündə qalıb və üstündən uzun illər keçsə də, qalıqları çürüməyib. Bunun səbəbi isə duzun bakteriya saxlamaması və çürümənin qarşısını alması olub. 1970-ci illərdə qalıqlar mağaradan çıxarılaraq Mədən Texniki Axtarış İdarəsinin muzeyinə aparılsa da, orada çürümə sürətləndiyi üçün yenidən geri qaytarılıb və bu gün mağarada xüsusi şüşə içərisində qorunur.
Çankırı Duz Mağarası tarixi məkan olmaqla yanaşı, hazırda həm də sağlamlıq mərkəzi kimi ziyarət olunur. Burada bir müddət qaldıqdan sonra artıq dodaqlarınızda duz tamı hiss edirsiniz. Çıxışda isə ziyarətçilərə duzlardan hazırlanmış suvenirlər, maskalar və evdə havanı təmizləyən kiçikölçülü qaya duzları təqdim olunur. Biz də buradan xatirə suvenirləri aldıqdan sonra şəhərin mərkəzində yerləşən Çivitcioğlu mədrəsəsinə yollanırıq.
Bələdçimiz bildirir ki, Osmanlı dövrünə - XVII əsrə aid Çivitcioğlu mədrəsəsi uzun illər dini-elmi təhsil mərkəzi kimi fəaliyyət göstərib. Burada, əsasən, klassik İslam elmləri tədris olunub. Mədrəsədə müəllim və şagirdlər üçün ayrıca otaqlar inşa edilib. Müəllimlərin otaqlarındakı pəncərə əsas küçəyə, şagirdlərin otaqlarındakı pəncərə isə tikilinin həyətinə baxır. Girişdə içəri birbaşa daxil olmamaq üçün "icazə divarı" adlandırılan divar salınıb. Belə ki, bu divar hesabına şagird içəri girərkən müəllimdən üç dəfə icazə istədikdən sonra otağa daxil olurmuş.
Mədrəsə o dövrdə bir növ yataqxana tipli tədris ocağı kimi fəaliyyət göstərdiyi üçün burada şagirdlərin oxu və yataq otaqları ayrı olub və hər biri üç-dörd nəfərlik nəzərdə tutulub. O dövrün müəllimlərinin məzarları mədrəsənin həyətində yerləşir. Mədrəsənin girişinə isə bir sədəqə daşı yerləşdirilib ki, o dövrlər insanlar tikilinin çölündən gizli şəkildə o daşın üzərinə sədəqə qoyurmuşlar. Ehtiyacı olanlar isə gecələr gəlib oradan sədəqələrini götürərmişlər.
Bu gün də burada mədrəsə mədəniyyəti davam etdirilir. Çankırı bələdiyyəsi tərəfindən ödənişsiz ney (türk fleytası), xoreoqrafiya və ebru sənəti kursları təşkil olunur.
Mədrəsədən ayrıldıqdan sonra tarixi Çankırı evlərinin yerləşdiyi küçələri gəzdik, daha sonra Türkiyənin Mərkəzi Anadoluda yerləşən, turizm baxımından diqqətdən kənarda qalsa da, təbii gözəllikləri, çayları ilə göz oxşayan Kırıkkale vilayətinə yollandıq.
1920–1930-cu illərdə kiçik bir qəsəbə olan Kırıkkale sənaye və hərbi istehsal sahəsində sürətli inkişaf nəticəsində vilayət statusu qazanıb. Bu gün şəhərin iqtisadi həyatında silah sənayesi böyük rol oynayır. Ancaq biz buraya turistik məkanları ziyarət etmək məqsədilə gəldiyimiz üçün birbaşa Çeşnigir körpüsünə üz tuturuq. XIII əsrə aid bu körpü həm nəqliyyat, həm də ticarət baxımından tarixdə mühüm rol oynayıb və daş memarlığının nadir nümunələrindən biri kimi diqqət çəkir. Onun digər önəmi isə Türkiyənin ən uzun daxili çayı olan Kızılırmakın üzərində yerləşməsidir.
Bələdçimiz Ramazan bəyin sözlərinə görə, Kızılırmak çayının axdığı Çeşnigir kanyonu ərazisində ilin hər fəslində fərqli mənzərə görünür, yazda çiçəklər və yaşıllıqla bəzənir, payızda isə sarı və qırmızı yarpaqların rəng palitrası ilə insanları valeh edir. Burada foto çəkilişləri, gəzinti və təbiət yürüşləri üçün çoxlu imkanlar var. Ərazidə quraşdırılan şəffaf terras isə təbiətin füsunkar mənzərəsini ziyarətçilərə olduğu kimi təqdim edir. Kanyon ətrafında iaşə sahələri də mövcuddur, ziyarətçilər oradan həm səhər yeməyi, həm də nahar və şam yeməyi üçün istifadə edə bilirlər.
Burada təbiəti seyr etdikdən sonra Kırıkkalenin digər təbiət incisi olan qırmızı rəngli "Pəri bacaları"nı görməyə gedirik. Bölgənin ən maraqlı təbii gözəlliklərindən sayılan bu qüllələri görəndə və onların əsrlər boyu külək və yağışın təsirləri nəticəsində yumşaq vulkanik qayaların aşınması ilə yarandığını öyrənəndə heyrətə düşürsən. Təbiətin öz içində insan əməyi olmadan bu qədər gözəl bir mənzərəni yaratması mənə insanın, bəlkə də, gözəllikləri yaradan yox, dağıdan və özünə uyğunlaşdıran bir varlıq olduğunu düşündürür.
Burada tam təbii şəkildə formalaşmış hündür və incə sütunların bəzilərinin yuxarı hissəsi daşlarla örtülüb ki, bu da, öz növbəsində, onları daha dayanıqlı edir. Ona görə də ərazi həm turistlər, həm də fotoqraflar üçün cəlbedici məkan sayılır. Qüllələrin hündürlük və formaları bir-birindən tamamilə fərqlənir. Ərazi həm də şəhərin panoramasını təqdim edir. Elə bu səbəblə əminliklə qeyd etmək olar ki, "Pəri bacaları" qarışıq şəhər görüntüsünü sevməyən, şəhərin xaosundan sıxılan və fərqlilik hissi arzulayan insanlar üçün bu gün axtarılan əsl ziyarət nöqtələrindən biridir.
Türkiyə gəzintimizin üçüncü gününü burada sonlandıraraq proqramımızın yekun dayanacaq nöqtəsi olan Kırşehiri kəşf etmək üçün yola düşürük.
Bu şəhər xüsusilə Ahi Evran və Ahiliklə (XIII əsrdə Anadolu ərazisində formalaşmış etik-dini-peşəkar birlik - red.) əlaqəli mədəni irsi ilə məşhurdur. Mənşəcə ələvi türk sufisi olan Ahi Evran şəhərin ən məşhur tarixi şəxsiyyətlərindən biri və Ahilik hərəkatının qurucusu sayılır. Elə biz də Türkiyədəki son günümüzə şəhərin mərkəzində yerləşən Ahi Evran məscid və türbəsini ziyarətlə başlayırıq. Bu məscid şəhərin dini həyatında mühüm rol oynayır və ziyarətçilər üçün həm ibadət, həm də tarixi baxımdan əhəmiyyətlidir.
Memarlıq baxımından Osmanlı və Anadolu üslublarının qarışığını əks etdirir. Türbə isə Ahi Evranın dəfn olunduğu və xatirəsinin qorunduğu yerdir. Ziyarətçilər burada onun həyatı, Ahilik fəlsəfəsi və tarixi haqqında məlumat ala bilirlər. Biz də burada dualarımızı edib növbəli şəkildə Neşet Ertaş Mədəniyyət Evi və daha sonra isə Cacabey mədrəsəsini ziyarət edirik. Ancaq şəhər gəzintimizin kulminasiya nöqtəsini Kırşehir Yapon Bağı təşkil edir.
Mərkəzdən bir az uzaqda yerləşən bu məkan Yapon memarlığı və bağ dizaynı üslubunda yaradılmış müasir park, muzey və istirahət sahəsidir. Ərazidə yaponlar arxeoloji qazıntılar apardığı üçün Yapon Bağı adlandırılıb. Həmin arxeoloji qazıntılar nəticəsində aşkarlanan abidələr isə buradakı muzeydə qorunub saxlanılır. Bağda su hovuzları, kiçik körpülər, dekorativ daş yollar və yapon bağçılıq üslubuna xas bitki və ağaclar (yapon gilası, söyüd, ərik və s.) əkilib. Bağda yerləşən Kaman Kalehöyük Arxeologiya Muzeyi də əraziyə tam uyğunlaşdırılıb. Belə ki, bağa daxil olduqda ilk olaraq orada bir muzeyin olduğunun fərqinə belə varmırsınız, səbəb isə damının torpaq örtüyü ilə örtülməsidir.
Uzaqdan təpəcik kimi görünən muzeyin içərisi də tam müasir üslubda dizayn edilib. Muzeydə sərgi zalları, proyeksiya guşəsi, kitabxana, tədqiqat, fotoqrafiya, saxlama sahələri və texniki bölmələr var. Elə girişdə ziyarətçilər üçün məkan barədə ətraflı məlumat elektron formada ötürülür. Məlumata görə, Kalehöyükdə qazıntı işlərinə 1986-cı ildə başlanılıb. Bu qazıntılardan tapılan əsərlərlə bağlı elmi araşdırma aparmaq məqsədilə 1998-ci ildə Yapon Anadolu Arxeologiya İnstitutu təsis edilib. Ancaq həmin əsərlərin təkcə elmi araşdırması yox, həm də nümayişinə ehtiyac duyulduğu üçün Yaponiya hökumətinin dəstəyi ilə 2010-cu ildə Kaman Kalehöyük Arxeologiya Muzeyinin açılışı olub və muzey 2011-ci ildə "Ən Yaxşı Yaşıl Muzey" mükafatını alıb.
Muzeydə diqqətçəkən məqam əsərlərin tərs xronologiya ilə nümayiş etdirilməsidir. Belə ki, əsərlər yaxın dövrdən qədim dövrə doğru sıralanıb. Bildirilir ki, qazıntıları hələ də davam edən dördüncü qatda qədim tunc dövrünə aid əsərlər tapılır. Hər il yazda başlayan qazıntılarda tapılan əsərlər instituta aparılır, orada həmin əsərlərin təmizlənməsi, analizi, bərpası və s. həyata keçirilir.
Muzeydə verilən digər maraqlı məlumat isə qazıntı işlərində sakinlərin də aktiv iştirak etməsidir. İlk qazıntıların başladığı gündən kəndlilərin çoxu prosesə öz töhfəsini verirlər. Ancaq onlara bu işlə əlaqədar ilk mərhələdə institut tərəfindən təlim keçirilir.
Dolğun və maraqlı məlumatlar əhatəsində gülərüz muzey əməkdaşları ilə sağollaşaraq elə buradaca səfərimizi sonlandırırıq.