Agentlik rəsmisi: Azərbaycan İƏT ölkələrinin turizm potensialının açılmasına mühüm töhfə verir

Turizm
  • 29 oktyabr, 2025
  • 12:30
Agentlik rəsmisi: Azərbaycan İƏT ölkələrinin turizm potensialının açılmasına mühüm töhfə verir
Kənan Əliyev

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm potensialının açılmasına mühüm töhfə verir.

"Report"un Şəkiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu şəhərdə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın İƏT ölkələri ilə müxtəlif sahələr üzrə əməkdaşlığı xüsusilə son illərdə əhəmiyyətli dərəcədə genişlənib:

"Azərbaycan 2023-cü ildən İƏT-in Regional Planlaşdırma Şurasının turizm sessiyalarına rəhbərlik edir. Bu dövr ərzində ölkədə artıq bir neçə beynəlxalq tədbir keçirilib. Buna misal olaraq, 2023-cü ilin oktyabrında Bakıda İƏT ölkələri turizm institutlarının görüşünü qeyd edə bilərik.

Həmin tədbirdə Bakı Bəyannaməsi qəbul edildi və onun əsasında turizm-təhsil şəbəkəsinin əsası qoyuldu. 2024-cü ilin may ayında isə İƏT ölkələri turizm operatorlarının ilk forumu baş tutdu, həmçinin sənaye sektorunun nümayəndələri arasında görüşlər keçirildi. Bu gün baş tutan tədbir də bəhs olunan fəaliyyətlərin məntiqi davamıdır".

K.Əliyev Şuşa şəhərinin 2026-cı ildə İƏT-in turizm paytaxtı elan edilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlərdən də bəhs edib:

"Bu çərçivədə nəzərdə tutulan silsilə tədbirlər planı artıq təsdiq edilib. Həmçinin gələn il Şuşada təşkilata üzv ölkələrin müxtəlif sənaye subyektlərinin iştirakı ilə müvafiq tədbirlərin təşkili də planlaşdırılır. Ümumiyyətlə, Azərbaycan İƏT ölkələri ilə sıx əməkdaşlıq edir və təşkilatın turizm potensialının açılmasına mühüm töhfə verir. İnanırıq ki, İƏT ölkələri ilə birgə səylər nəticəsində dayanıqlı turizmin inkişafına nail olunacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti