Xaçmazda "PeşəFest" keçirilib
- 13 oktyabr, 2025
- 15:07

Xaçmaz rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə "PeşəFest" keçirilib.
"Report" un Şimal bürosunun məlumatına görə, "Peşə öyrən, gələcəyini qur!" devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyır.
Tədbirin rəsmi hissəsindən sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər, yeniyetmələrin və onların valideynlərinin suallarını cavablandırıblar.
"PeşəFest"də ümumilikdə 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunub.
"PeşəFest-2025"ə oktyabrın 22-də Bakıda yekun vurulacaq.