“Valideyn nəzarəti və internet təhlükəsizliyi” (“Kidsafe”) proqramının təqdimatı keçirilib

Sosial müdafiə
  • 01 noyabr, 2018
  • 09:35
“Valideyn nəzarəti və internet təhlükəsizliyi” (“Kidsafe”) proqramının təqdimatı keçirilib

Bakı. 1 noyabr. REPORT.AZ/ “Valideyn nəzarəti və internet təhlükəsizliyi” (www.kidsafe.az) proqramının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda uşaqların internet təhlükəsizliyinin təmin edilməsi üçün silsilə tədbirlər həyata keçirilir: "Bu tədbirlərin davamı olaraq BMT-nin Uşaq hüquqları komitəsinin tövsiyələrinə əsasən “Valideyn nəzarəti və internet təhlükəsizliyi” (www.kidsafe.az) proqramı hazırlanıb. Proqram “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində yaradılıb. Valideyn-internet təhlükəsizliyi və nəzarət proqramının yaradılmasında əsas məqsəd uşaqların kompyuter təhlüksəziliyinin və onlara nəzarətin təmin olunmasıdır. Biz uşaqlarımızı internet vasitəsilə gələcək təhlükələrdən də qorumağa çalışmalıyıq. Əsas təhlükələrdən biri onların cinayətkarların əhatə dairəsinə düşməsidir. Uşaqlar üçün ifrat dərəcədə zərərli olan oyunlar da onlarda müəyyən xoşagəlməz hallar yaradır".

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvard bildirib ki, hazırda internet uşaqlar üçün geniş imkanlar yaradır: "Bu imkanlardan yaxşı mənada istifadə etmək lazımdır. Təəssüf ki, cəmiyyətdə bəzi şəxslər internetin imkanlarından istifadə edərək insanlara zərər vururlar. Odur ki, biz onun qarşısını almaq üçün tədbirlər görməliyik".

Qeyd edək ki, proqram 1000-dən çox pornoqrafik, ekstremist amillər, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası ilə tam formada qoruyucu funksiyası ilə təmin olunub. Eləcə də istifadəçi tərəfindən spesifik filtrləmə funksiyası da əlavə olunub. Proqramda uşağın istifadəsi zamanı keylogger sistemi işə düşərək istifadə etdiyi vebsaytlar, proqramlar və sözlər kimi istənilən məlumatlar qeyd edilərək valideynə ötürülür. Kompüterə uzaqdan vaxt limiti təyin etmək kimi funskiyası da yüksək formada çalışır. Sistemdə əlavə olaraq boş vaxt modulundan irəli gələrək blog sistemi də yaradılıb. Valideynlər səhiyyə, psixoloji aspektlər, hüquqi maarifləndirmə, sual-cavab kateqoriyalar üzrə məlumatlar yerləşdirmək mümkündür.

Xatırladaq ki, proqram təminatının yaradılması “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin edir.