Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin 2 uşağı dövlət müəssisəsinə yerləşdiriləcək
- 06 aprel, 2026
- 15:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin 2 uşağı dövlət müəssisəsinə yerləşdiriləcək.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Şəhər İcra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, məsələ Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən diqqətə götürülmüş və aidiyyəti qurumlarla birgə araşdırılıb: "Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, ailədə olan 8 azyaşlıdan 4-ü hazırda dövlət uşaq müəssisəsində təhsil alır. Digər 4 azyaşlıdan 2-nin də yaxın müddət ərzində dövlət uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Qalan 2 azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar olaraq xalasının yanında yaşayır.
Eyni zamanda, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ailəyə baxış keçirilmiş, mənzil-məişət şəraiti yerində qiymətləndirilmişdir.
Ailə üzvlərinə, eləcə də faktiki himayədə olan uşaqlara mütəmadi nəzarətin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ailə nəzarətdə saxlanılacaq və zəruri tədbirlər davam etdiriləcək".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, məsələ araşdırılır. Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan aprelin 3-də onlardan biri ölüb. Ailənin ümumilikdə 9 uşağı olub.