Səyyar “ASAN xidmət” bir neçə rayonda vətəndaşlara xidmət göstərəcək

Sosial müdafiə
  • 10 aprel, 2017
  • 08:13
Səyyar “ASAN xidmət” bir neçə rayonda vətəndaşlara xidmət göstərəcək

Bakı. 10 aprel. REPORT.AZ/ Səyyar “ASAN xidmət” aprelin 10-dan 19-dək Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bu barədə “Report”a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Həmçinin, səyyar avtobuslar martın 28-dən aprelin 26-dək Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, martın 28-dən aprelin 11-dək Şabran şəhəri və Abşeron rayonunun Masazır qəsəbəsində, martın 29-dan aprelin 26-dək Salyan şəhərində, aprelin 3-dən aprelin 22-dək Füzuli rayonunun Horadiz şəhərində, Səyyar “ASAN qatar” isə martın 28-dan aprelin 11-dək Ağstafa şəhərində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.