Rəqəmsallaşan əmək münasibətləri: köhnə staj niyə tanınmır? - ARAŞDIRMA
- 09 fevral, 2026
- 11:42
Elektron hökumət sisteminə keçid əmək münasibətlərinin uçotunu şəffaflaşdırsa da, proses müəyyən problemləri də üzə çıxarıb. Belə ki, vaxtilə əmək müqaviləsi və kitabçası ilə hər hansı bir qurumda və şirkətdə rəsmi qaydada işləyən bir sıra vətəndaşların iş stajı sonradan elektron hökumət portalına olduğu kimi inteqrasiya edilmir. Bu, vətəndaşın bundan əvvəl çalışdığı qurumun vergidən yayınması və ya işçi ilə saxta əmək müqaviləsi bağlaması ilə əlaqələndirilir. Lakin rəsmi əmək müqaviləsi və kitabçası əlində olan vətəndaş vaxtilə çalışdığı şirkətin vergidən yayınması halına görə məsuliyyət daşımalıdırmı?
Bu sual ətrafında prosesi araşdırmağa çalışmışıq.
Lerik rayon sakini Kiçikxanım Həsənova "Report"a bildirib ki, uzun müddət rəsmi əmək fəaliyyəti olsa da, pensiya kapitalı, eləcə də elektron hökumət portalında iş stajı tam göstərilməyib:
"Orta məktəbi 1977-ci ildə bitirmişəm. 1979-1983-cü illər ərzində sovxozda, 1983-2018-ci ilədək isə hidrometeoroloji stansiyada əmək fəaliyyətim olub. 2018-ci ildən isə əmək fəaliyyətim olmayıb. 2023-cü ilin yanvarında pensiya hüququm yaranıb. Lakin mən minimum pensiya aldım. Bununla bağlı aidiyyəti üzrə müraciət etsəm də, 2006-cı ildən sonrakı dövr üçün stajım hesablandı. Daha sonra müvafiq qurumlara təkrar müraciətlər etdim, lakin bir nəticə çıxmadı".
Göründüyü kimi, iş stajının rəqəmsallaşdırılması prosesində yaranan bu problem təkcə texniki məsələ deyil, sosial hüquqların təminatı baxımından da ciddi suallar doğurur. Bəs əmək münasibətləri necə tənzimlənir, kağızdan rəqəmsallığa keçid prosesi necə aparılır, problemin kökündə nə dayanır?
Rəqəmsallaşma prosesi vaxt tələb edir
Deputat Vüqar Bayramov "Report"a açıqlamasında deyib ki, əvvəlki dövrlərə aid kağız sənədlərin elektron sistemə inteqrasiyası mərhələli şəkildə həyata keçirilir və bu proses zaman tələb edir:
"Xüsusilə, keçmiş sovet dövrünə və müstəqilliyin ilk illərinə aid sənədlərin əksəriyyəti kağız formasındadır və onların elektronlaşdırılması, standartlara uyğun sistemə daxil edilməsi müəyyən vaxt aparır".
Onun sözlərinə görə, bəzi hallarda məlumatların dəqiqləşdirilməsi də prosesi ləngidir:
"Bununla belə, artıq inteqrasiya prosesinə start verilib və bu istiqamət "açıq hökumət" prinsipləri çərçivəsində müəyyənləşdirilmiş hədəflərdən biridir. Rəqəmsallaşma istiqamətində qanunvericilik və institusional səviyyədə işlər davam edir".
Əmək stajı itməz, lakin tanınması şərtdir
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, vətəndaşın əmək stajı faktiki olaraq itməsə də, onun tanınması bir sıra şərtlərdən asılıdır.
Onun sözlərinə görə, 2006-cı ildən sonra ölkədə fərdi yığım sisteminə keçid edildiyindən bu dövrdən sonrakı əmək fəaliyyəti ilə bağlı ciddi problem yaşanmır. Həmin məlumatlar elektron hökumət portalına inteqrasiya olunur və müvafiq qurumların məlumat bazalarında mövcuddur.
S.Məmmədov qeyd edib ki, çətinlik əsasən 2006-cı ildən əvvəlki dövrə aiddir və bu mərhələ üçün hələ də alternativ mexanizmlər üzərində müzakirələr aparılır:
"Məhz bu səbəbdən əmək kitabçalarının tam dövriyyədən çıxarılması mümkün olmayıb. Çünki yüzminlərlə vətəndaşın 2006-cı ilə qədər formalaşmış əmək stajının tanınması praktik baxımdan çətinlik yaradır. Pensiya yaşı çatdıqda şəxslər müvafiq qurumlara dəvət olunur, mövcud əmək kitabçaları və sənədlər yoxlanılır. Əgər vətəndaş bu prosesə cəlb olunmadığını və ya stajının nəzərə alınmadığını düşünürsə, özü təşəbbüs göstərərək DOST mərkəzlərinə müraciət edə bilər".
Ekspertin fikirlərinə görə, 1990-cı illərdən sonra əmək kitabçası ciddi hesabat sənədi hesab olunurdu və rəsmi qaydada tərtib edilirdi. İşəgötürənlər bu kitabçaları əldə edir, işçinin adına rəsmiləşdirir və sonradan xərci əməkhaqqıdan çıxırdılar:
"Lakin 1990-cı illərdə yaranmış iqtisadi və institusional boşluqlar nəticəsində bu sistem pozuldu. Bir çox hallarda əmək kitabçaları qeyri-rəsmi şəkildə əldə olundu, sənədlərdə qeyd və möhür vurulsa da, faktiki olaraq sosial sığorta ödənişləri aparılmadı. Nəticədə minlərlə şəxs formal olaraq işləsə də, onların əmək fəaliyyəti sığorta sistemində əksini tapmadı. Bu gün əsas problem də məhz buradan qaynaqlanır".
O hesab edir ki, təkcə əmək kitabçasında qeyd və ya möhürün olması stajın tanınması üçün kifayət etmir:
"Əmək stajı yalnız sosial sığorta ödənişləri həyata keçirildiyi halda hesablanır. Əmək müqaviləsi olmadan çalışanlar, mülki-hüquqi müqavilə ilə işləyənlər və ya əməkhaqqını qeyri-rəsmi şəkildə alan şəxslər risk qrupuna daxildir. Hətta əmək müqaviləsi olsa belə, əməkhaqqının "qara mühasibatlıq" yolu ilə ödənilməsi və ya yalnız bir hissəsinin rəsmiləşdirilməsi stajın tam tanınmasına imkan vermir".
Sahib Məmmədov əlavə edib ki, bu halların müəyyənləşdirilməsi isə həm hüquqi, həm də texniki baxımdan mürəkkəb prosesdir:
"Bəzən vətəndaş əmək kitabçasındakı möhürü əsas gətirərək hüquqlarının pozulduğunu bildirir, lakin araşdırma zamanı sosial sığorta ödənişlərinin aparılmadığı üzə çıxır. Bu isə məsuliyyətin birbaşa işəgötürənin üzərində olduğunu göstərir. Digər tərəfdən, bütün köhnə əmək kitabçalarının toplanaraq skan edilməsi və ya məlumatların sistemə köçürülməsi böyük resurs və zaman tələb edir. Məhz bu səbəbdən problem hələ də tam həllini tapmayıb".
İşəgötürənin qanunsuz hərəkətlərinə görə işçi məsuliyyət daşıya bilməz
Hüquqşünas Elnur Məmmədov isə qeyd edib ki, şəxsin əmək fəaliyyətini təsdiq edən sənədlər onun əmək kitabçası, indiki dövrdə daha çox elektron informasiya sistemlərindən (elektron hökumət, my.gov.az, ƏMAS) əldə olunan məlumatlar, həmçinin arxiv arayışlarıdır. Sosial sığorta ödənişləri iş yeri tərəfindən aparıldığı üçün işçinin bundan məlumatsız olması mümkündür və işəgötürənin məsuliyyətsizliyi, yaxud da qanunsuz hərəkətlərə yol verməsi səbəbindən o məsuliyyət daşıya bilməz:
"Bu formada problemlər yarandığı halda vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Belə ki, əgər əvvəlki dövrün iş stajını təsdiq etmək üçün şəxsin əmək kitabçası mövcud deyilsə, yaxud da mövcud olan əmək kitabçasında bütün işlərə dair qeyd aparılmamışdırsa, vətəndaş aidiyyəti üzrə arxivdən həmin işə dair arayış almalı, daha sonra məhkəməyə müraciət edərək arayışdakı qeydlərin də iş stajına əlavə olunmasını tələb etməlidir. Əgər həmin qeydlərlə bağlı arxiv arayışlarını da əldə etmək mümkün deyilsə, o zaman şahid ifadələri əsasında da məhkəmə həmin dövrü iş stajına əlavə edə bilər. Bu zaman şahid ifadələri ilə məhkəməyə müraciət edən şəxsin eyni dövrdə eyni müəssisədə işləməsi sübuta yetirilməlidir. Əgər yuxarıda qeyd edilən halların heç biri sübuta yetirilməzsə, təbii ki, şəxsin iş stajına dair iddiaları əsassız hesab ediləcək".
Vəkil vurğulayıb ki, bu məsələdə vətəndaşın məsuliyyəti yox dərəcəsindədir:
"Lakin aidiyyəti dövlət qurumları və yaxud da məhkəmə iddia olunan dövrdə boşluq olub deyə şəxsə pensiya təyin edə bilməz. Bütün hallarda həmin dövrə aid sübutlar vətəndaşın özü tərəfindən məhkəməyə təqdim edilməlidir. Həmin sübutların vətəndaş tərəfindən məhkəməyə təqdim edilməsinin mümkünsüzlüyü ortaya çıxarsa, bu zaman məhkəmə aidiyyəti qurumlardan sorğu əsasında həmin məlumatları tələb edə bilər. Sorğuya verilən cavablar da vətəndaş üçün yetərsiz olarsa, artıq vətəndaşın yaranmış vəziyyətlə barışmaqdan başqa çarəsi qalmır. Hazırda da qeyd edilən problemlər səbəbindən lazımi məbləğdə pensiya ala bilməyən, yaxud da ümumiyyətlə pensiya ala bilməyən çoxlu sayda insan var".
Dövlət Sosial Müdafiə Fondundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək kitabçası olmadıqda həmin dövr üzrə staj işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında müəyyənləşir.
"2006-cı ilin yanvarın 1-dən isə əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqların təmin edilməsi üçün hər bir sığortaolunana dair müvafiq məlumatların fərdi uçotunun təşkili və aparılması həyata keçirilir. Həmin vaxtdan sonrakı dövr üzrə sosial sığorta stajı dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir", - məlumatda vurğulanıb.
Məsələ ilə bağlı sorğumuza cavab verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, 2022-ci ilin may ayında Azərbaycanda əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə - bütün əmək münasibətlərinin elektronlaşdırılmasına keçidi təmin edən "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) istifadəyə verilib:
"Bu altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, elektron qaydada bağlanması mexanizminə, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatlar rəqəmsal müstəviyə keçirilib. 2006-cı ildən fərdi uçot sistemi də fəaliyyət göstərir ki, bu sistemdə sosial sığorta sisteminin hər bir iştirakçısı barədə daimi sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılmaqla onunla bağlı sosial sığorta məlumatlarının uçotu aparılır və onların pensiya kapitalı toplanır. 2006-cı ilin yanvarın 1-dək olan dövrdəki iş stajı da fərdi uçot sistemində pensiya kapitalı kimi əks etdirilməklə əhatə edilmiş olur. Yəni, həmin iş stajının hər ili müvafiq məbləğdə pensiya kapitalı kimi ifadə edilməklə (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) onların fərdi şəxsi hesablarında 2006-cı ilin yanvarın 1-nə qeydə alınır və pensiya təyinatı zamanı da nəzərə alınır".
Nazirlikdə onu da vurğulayıblar ki, son illər humanitar yanaşmalar əsasında aparılan islahatlar pensiya təminatı əlçatanlığının artırılmasına imkan verib:
"Məsələn, 2019-cu ildən pensiya təyinatı proaktiv mexanizm üzərində qurulub və 2006-2018-ci illərdə fərdi hesabında hətta ən kiçik məbləğdə vəsait qeydə alınmış şəxsə də (artıq onun stajının nə qədər olmasından asılı olmayaraq) 25 illik sığorta stajı hədiyyə edilməklə avtomatik pensiya təyin olunur. Eyni zamanda, azı 25 illik sığorta stajı olan şəxsə artıq nə qədər pensiya kapitalının olub-olmamasından asılı olmayaraq pensiya hüququ verilir".
Keçmişdə fəaliyyətini dayandırmış və ya arxivləri itmiş müəssisələrdə işləmiş vətəndaşların stajının hesablanması mexanizminə gəldikdə isə dövlət qurumundan belə cavab verilib:
"Qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləmiş şəxslərin iş stajı əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı) əsasən müəyyən edilir. Onu da bildirək ki, 2019-cu ildən pensiya, müavinət, təqaüd təyinatlarının elektronlaşdırılması həmin dövrədək bu təyinatlarla bağlı toplanmış milyonlarla kağız sənədlərin də skan edilərək rəqəmsal bazalara daxil edilməsini şərtləndirib. "E-arxiv" layihəsi üzrə həmin kağız sənədlərdən artıq böyük hissəsi skan olunaraq e-sistemlərə daxil edilib".
Ekspertlər və rəsmi dairələrin açıqlamalarını nəzərə alsaq, 2006-cı ildən əvvəlki dövrlə bağlı yaranan hüquqi və institusional boşluqlar göstərir ki, əmək fəaliyyətinin tanınması sahəsində hələ də problem və çətinliklər var. Müşahidələr göstərir ki, bəzi hallarda vətəndaşlar təkcə 2006-cı ildən əvvəlki dövrdə deyil, ondan sonrakı illərdə də əmək hüquqlarının tam təminində problemlərlə rastlaşırlar. Odur ki, məsələnin sistemli həllinə, rəqəmsallaşdırma prosesinin sürətləndirilməsinə ehtiyac var.