Qubada "Hüquq və Dövlət" Könüllülər Düşərgəsi təşkil olunub

Sosial müdafiə
  • 04 sentyabr, 2025
  • 15:05
Qubada Hüquq və Dövlət Könüllülər Düşərgəsi təşkil olunub

Quba Olimpiya İdman Kompleksində avqustun 31-dən sentyabrın 4-dək Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə "Go Camp Volunteers" proqramı çərçivəsində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Hüquq və Dövlət" Könüllülər Düşərgəsi həyata keçirilib.

"Report" xəbər verir ki, dörd gün davam edən düşərgə çərçivəsində könüllü gənclər üçün müxtəlif mövzular üzrə təlim və panel görüşlər təşkil olunub.

Düşərgə iştirakçıları "Hüquq sistemində gənclərin rolu", "Kütlə qarşısında çıxış və təqdimat bacarıqları" və "İnandırma və manipulyasiya texnikaları" mövzularında interaktiv çıxışlar və müzakirələrdə iştirak ediblər. Bu sessiyalar gənclərin həm hüquqi biliklərini genişləndirmək, həm də şəxsi inkişaf bacarıqlarını gücləndirmək məqsədi daşıyıb.

Bununla yanaşı, iştirakçılar üçün müxtəlif komanda oyunları, "Suveren" intellektual yarışı, film saatı, eləcə də gənclərin hüquq sistemini yaxından tanıması məqsədilə "Məhkəmə simulyasiyası: Cinayət işi" adlı simulyativ oyun keçirilib.

Düşərgənin son günü iştirakçılar "İstedadSən" yaradıcılıq yarışmasında öz bacarıqlarını nümayiş etdiriblər.