Psixoloqlarla bağlı növbəti qanunvericilik təşəbbüsü olacaq
- 18 iyun, 2026
- 16:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda klinik psixoloqların fəaliyyəti, sertifikatlaşdırılması ilə bağlı ciddi boşluqlar var.
"Report" xəbər verir ki, bunu TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda özəl sektorda xəstəxanaların fəaliyyətə başlaması üçün sertifikat tələbi olsa da, psixoloji mərkəzlərin sertifikatlaşdırılması həyata keçirilmir:
"Belə desək, onların fəaliyyətini tənzimləyən ayrıca qanunvericilik bazası mövcud deyil. Bu səbəbdən həmin mərkəzlərin xidmət keyfiyyətini və peşə standartlarına uyğunluğunu obyektiv şəkildə qiymətləndirmək mümkün olmur".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə əlavə edib ki, əsasən fiziki sağlamlığa önəm verilsə də, psixloji sağlamlıq da vacibdir:
"Psixi sağlamlığı müalicə edənlərin özünün psixoloji vəziyyəti, səviyyəsi vacibdir. Psixoloqlarla əlaqədar növbəti qanunvericilik təşəbbüsü olacaq. Qanunlara yenidən baxılmalıdır. Bu bizim növbəti təşəbbüsümüz olacaq, hazırda bunun üzərində işləyirik. Bundan başqa, "Psixoloji xidmət haqqında" qanun müasir tələblərlə uyğunlaşmır. Həmin qanunu qəbul edəndə indiki çağırışlar yox idi. Hesab edirəm ki, bu qanuna da dəyişikliklər edilməlidir. Növbəti təkliflərimizdən biri də bu ola bilər".