Ombudsman Aparatının əməkdaşları FHN-in hərbi hissəsinə baş çəkiblər
- 13 aprel, 2017
- 12:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 aprel. REPORT.AZ/ Ombudsman Aparatının əməkdaşlarının hərbi hissələrə başçəkmələri davam etdirilir.
Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Vüqar Heydərov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının səlahiyyətli nümayəndəsi kapitan Elşad İbrahimovla birgə bu qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsinə başçəkmə həyata keçirərək, şəxsi heyətin məişət şəraiti ilə tanış olub, hüquqi maarifləndirmə işi aparıb.
Aparatın əməkdaşları tərəfindən hərbi hissənin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə, görüş yerinə, məişət otaqlarına, habelə ümumi əraziyə baxış keçirilmiş, hərbi qulluqçuların məişət şəraiti öyrənilib.
Hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyəti, rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, həmçinin şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilib.
Ombudsman Aparatının əməkdaşları hərbi hissənin müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, o cümlədən gizir və zabit heyəti ilə keçirilən görüşdə respublikamızda Ombudsman təsisatının yaranma tarixi, səlahiyyətləri, insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib.
Görüşlər zamanı hərbi qulluqçular arasında nizamnamələrə uyğun rəftarın qurulmasının vacibliyi, həmçinin erməni təcavüzkarlarının doğma torpaqlarımızdan çıxarılmasına, vətənimizin ərazi bütövlüyünün bərpa edilməsinə hərbi qulluqçularımızın hazır olmalarının, eyni zamanda aprel qələbəsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Aparatın əməkdaşları tərəfindən tədbir iştirakçılarının sualları cavablandırılıb.
Belə tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.