Fərid Pərdəşünas: Azyaşlıların sosial mediadan istifadəsi böyük təhlükə yaradır
- 10 iyun, 2026
- 14:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Azyaşlıların internetdən, xüsusən də sosial mediadan istifadəsi, əslində, böyük təhlükə yaradır.
"Report" xəbər verir ki, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, buna səbəb sosial mediada istifadə olunan məzmunların bir növ filtrasiyadan keçməməsi və birbaşa uşaqların qarşısına çıxmasıdır:
"Azərbaycanda müzakirəyə çıxarılan qanun layihəsinin mahiyyəti azyaşlıların nəzarət mexanizmləri çərçivəsində internetdən istifadəsini məhdudlaşdırmaqdan ibarətdir. Texniki cəhətdən bu, necə olacaq? Təbii ki, qanun layihəsində bunlar detallı bir şəkildə əksini tapmalıdır".
Mütəxəssis bildirib ki, hazırda sosial şəbəkələrin bu istiqamətdə dövlətlərlə necə əməkdaşlıq qurmaları barədə də müzakirələr aparılır:
"Bu, olduqca həssas məsələdir. Dövlətlər öz vətəndaşının məlumatını sosial şəbəkəyə vermək istəmir, eyni zamanda, sosial şəbəkə şirkətlərindən tələb olunur ki, onlar bu məlumatları emal eləsinlər. Yəni həmin istifadəçinin uşaq olduğu bəlli olsun. Burada müəyyən süni intellekt alqoritmləri sosial media platformaları tərəfindən irəli sürülür. Məsələn, onlar uşaq qeydiyyatdan keçən zaman kamera vasitəsilə uşağın üzünü analiz eləsinlər və qərar versinlər".
F.Pərdəşünas əlavə edib ki, sosial mediada yayılan bəzi zərərli məzmunların həmin şəbəkələr tərəfindən tez bir zamanda silinməsini təmin etmək lazımdır:
"Çünki bəzən azyaşlı uşağın görüntüləri yayılır və alqoritm onu çox insana çatdırır. Sosial şəbəkələr dili başa düşməyərək kontent böyük marağa səbəb olduğundan daha çox insanın qarşısına çıxarır. Nəticədə dövlət addım atanadək azyaşlının videosu internetdə geniş kütlələrə çatmış olur. Bu səbəbdən dövlət qurumları həmin kontentin tez silinməsi üçün aidiyyəti orqanlarla birbaşa əlaqədə olmalıdırlar".