Əlilliyi olan şəxslər Şəkidəki istirahət və sağlamlıq mərkəzinə göndərilib
- 17 avqust, 2015
- 06:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 avqust. REPORT. AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 45 nəfər əlilliyi olan şəxs Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir.
Qurumdan bildirilib ki, bu ilin yaz-yay mövsümündə artıq 919 nəfər əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində istirahətini təşkil edib. Əlilliyi olan şəxslər Azərbaycanın səfalı guşələrində istirahət etdikləri müddətdə müalicəvi bədən tərbiyəsinə, səmərəli fizioterapevtik müalicə prosedurlarına da cəlb edilirlər. Həmçinin onlar üçün görməli yerlərə, tarixi abidələrin olduğu məkanlara gəzinti turları, musiqili-əyləncəli tədbirlər və s. təşkil olunur.
Nazirliyin "2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq, cari ilin yaz və yay aylarında 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub.