Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına 15 297 900 manat ayrılıb

Sosial müdafiə
  • 13 fevral, 2018
  • 14:57
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına 15 297 900 manat ayrılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 13-də "Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin sosial rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində son illərdə mühüm addımlar atılıb, bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması uğurla həyata keçirilib. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunmuş, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə uşaq bərpa mərkəzləri yaradılıb.

Bir sıra sosial təyinatlı obyektlərdə tikinti və əsaslı təmir işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 15 297 900 manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Tikintisi və əsaslı təmiri işlərinin başa çatdırılması nəzərdə tutulmuş sosial obyektlərin siyahısı

Sıra№-siSosial obyektlərin adıAyrılan vəsaitin məbləği
1Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin təmiri3 741 300
2Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binasının tikintisi2 942 000
3Naftalan Əlillərin Regional Bərpa Mərkəzinin bərpası, gücləndirilməsi və əsaslı təmiri1 307 400
4Yevlax Əlillərin Regional Bərpa Mərkəzininbərpası, gücləndirilməsi və əsaslı təmiri1 159 500
5Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzinin bərpası, gücləndirilməsi və əsaslı təmiri1 131 800
6Bakı Uşaq Bərpa Mərkəzinin əsaslı təmiri1 629 200
7Gəncə Şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinin təmiri və müasir avadanlıqla təchiz edilməsi110 400
8Mərdəkan Müalicə Pansionatının əsaslı təmiri3 276 300
Cəmi15 297 900