DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

Sosial müdafiə
  • 03 dekabr, 2018
  • 06:38
DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində əyani müraciət edənlərlə yanaşı, əhaliyə proaktiv xidmətlər də göstəriləcək.

Nazirlikdən “Report”a bildirilib ki, mərkəzlərdə elektron sistemlər üzərindən vətəndaşların bu və ya digər dövlət sosial xidmətinə, yaxud sosial təminat növünə (pensiya, müavinət, sosial yardım, əlillik və s.) hüququnun yarandığı müəyyən olunduğu təqdirdə bu barədə onlara əvvəlcədən müvafiq məlumat veriləcək. Məlumat onların elektron ünvanına və ya telefonuna sms-lə göndəriləcək. Yəni vətəndaş heç yerə müraciət etmədiyi halda, məsələn, bir aydan sonra pensiya və ya sosial müavinət hüququna malik olacağı barədə məlumat alacaq. Yaxud barəsində əlilliyin qiymətləndirilməsi üçün sistemə göndəriş daxil edilmiş vətəndaş qiymətləndirmənin nəticəsi barədə proaktiv formada məlumatlandırılacaq.

Qeyd edək ki, “DOST” mərkəzləri dövlət sosial xidmətlərinin geniş bir hissəsinin (əmək və məşğulluq, sosial təminat növləri, əlillik, pensiya, sosial sığorta və s. üzrə xidmətlər) “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və sadələşdirilmiş proedurlarla, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunması məqsədilə yaradılır. 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur.