Cəbrayılda 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub

Sosial müdafiə
  • 24 sentyabr, 2026
  • 16:22
Cəbrayılda 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub

Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən 2147 nəfər məşğulluq tədbirlərinə cəlb edilib.

"Report"un Cəbrayıla ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən rayona təşkil edilmiş mediatur çərçivəsində bildirilib.

Qeyd olunub ki, proqram çərçivəsində verilmiş aktivlər hesabına rayon sakinləri Ətrabə Mirkişiyeva üçün un məmulatlarının istehsalı, Elburus Cəfərli üçün kişi bərbərxanası, İlham Həmidov üçün qəssab dükanı, Bayram Əliyev üçün isə avtomobil şinlərinin bərpası və təmiri xidmətləri zərfləri üzrə kiçik ailə təsərrüfatları qurulub.

Məlumat verilib ki, Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 93 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.

Bildirilib ki, bu günə qədər işğaldan azad edilmiş ərazilərdə keçirilən tədbirlər çərçivəsində 12 minə yaxın şəxsin məşğulluğu təmin olunub. Onlardan 1051 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub.

Dövlət Məşğulluq Agentliyi Kommunikasiya Departamentinin müdiri Elzar Ağayev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə qayıdan sakinlərin məşğulluğu Agentlik tərəfindən daim diqqətdə saxlanılır:

"Bu istiqamətdə bir sıra layihələr həyata keçirilir. İşədüzəltmə, əmək yarmarkalarının təşkili, peşə hazırlığı, özünəməşğulluq fəaliyyətinin dəstəklənməsini buna nümunə göstərmək olar".