Bakıda bazar iqtisadiyyatında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolu mövzusunda seminar keçirilir
- 29 iyun, 2017
- 15:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolu” mövzusunda seminar işə başlayıb.
"Report" xəbər verir ki, seminar iki gün davam edəcək.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Milli Məclisinin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, BƏT-in şöbə müdiri xanım Nensi Lepink və baş mütəxəssisi Valentin Mokanu, Rusiyanın Əmək Məsələləri üzrə Elmi-Tədqiqat İnstitutunun sektor müdiri xanım Yekaterina Kuznetsova və b. iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, respublikada reallaşdırılan sosial-iqtisadi siyasətin prioritet komponenti kimi qeyri-neft sektorunun inkişafı istiqamətində köklü islahatların düşünülmüş şəkildə əmək resurslarının məşğulluğuna yönəldilməsi əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğu baxımdan vacib rol oynayır: "Ölkəmizdə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasına yönəlik genişmiqyaslı islahatlar, aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi şəraitində əmək münasibətlərinin səmərəli tənzimlənməsi, bu münasibətlər sisteminin iştirakçılarının hüquq və təminatlarının effektiv müdafiəsi, adekvat nəzarət mexanizmlərinin tətbiqi layiqli əmək konsepsiyasının uğurla reallaşdırılması istiqamətində qarşıda duran prioritet vəzifələrdəndir. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir və Sərəncamla nəzərdə tutulan tədbirlərin icrası əmək münasibətləri sferasında meydana çıxan aktual məsələlərin konseptual diaqnostikası və həlli, eləcə də bu sahədə inzibatçılığın qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi üçün vacib önəm daşıyır. Təbiidir ki, bu prosesdə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən qurum kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin də üzərinə böyük vəzifə düşür və bu baxımdan Xidmətin işinin müasir dövrün imkanları və beynəlxalq təcrübə əsasında modernləşdirilməsi vacib şərt kimi meydana çıxır. Təsadüfi deyil ki, Sərəncama əsasən yaradılmış Komissiyanın hazırladığı əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planının layihəsində əmək müfəttişlərinin potensialının gücləndirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı əmək müfəttişliklərində hüquqi yardım mərkəzlərinin yaradılması kimi tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Qeyd edilənlərdən irəli gələrək, bu günkü seminarın “Bazar iqtisadiyyatı şəraitində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolu” kimi olduqca aktual mövzuya həsr olunmasına görə BƏT-in nümayəndələrinə təşəkkürümü bildirirəm”.
S.Müslümov əmək qanunvericiliyinin pozulması ilə bağlı statistik göstəricilər, işçilərin cari və gələcək sosial müdafiə hüquqlarının səmərəli təmin olunması, eyni zamanda baş verə biləcək hüquqpozmaların əvvəlcədən qarşısının alınması baxımından Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin daim gücləndirilməsinin zəruri olduğunu vurğulayıb. O bildirib ki, hazırkı seminar, burada BƏT-in nümayəndələri, yerli mütəxəssislər və sosial partnyorlarla birgə aparılacaq müzakirələr bu sahədə işlərə öz töhfəsini verəcək.
H.Rəcəbli əmək qanunvericiliyində aparılan mütərəqqi dəyişikliklərdən bəhs edib. O, əmək bazarına dövlət nəzarətinin və işçilərin əmək hüquqlarının müdafiəsi mexanizminin də dünyada olan qabaqcıl təcrübələr əsasında səmərəli təşkilinin dövlətin sosial siyasətinin əsas hədəflərindən olduğunu qeyd edib.
S.Mehbalıyev əmək bazarının tənzimlənməsində sosial tərəfdaşlığın əhəmiyyətini vurğulayıb, Azərbaycanda BƏT-lə əməkdaşlıq şəraitində sosial tərəfdaşlıq institutunun gücləndirilməsi üçün son illərdə mühüm addımlar atıldığını, hazırkı tədbirin sosial dialoqun inkişafında da faydalı olduğunu bildirib.
M.Musayev ötən ilin sentyabr ayında təsis olunan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın ölkədə sivil sosial tərəfdaşlığın qurulmasında önəmli rol oynadığını vurğulayıb, əmək bazarına səmərəli nəzarət sisteminin formalaşması üçün sosial dialoq müstəvisində aparılan işlərin önəmini qeyd edib.
Xanım N.Lepink Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi, əmək bazarına dövlət nəzarətinin profilaktik tədbirlərə üstünlük verilməsi əsasında təkmilləşdirilməsi üçün aparılan islahatların BƏT tərəfindən dəstəkləndiyini vurğulayıb. O, Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması yönündə birgə işlərin qarşıdakı dövrdə də davam etdiriləcəyini bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə Xidmətin fəaliyyəti, qurumun maddi və institisional potensialının gücləndirilməsi üçün görülən işlər, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələr barədə məlumat verib.
Seminarda əmək bazarında, əmək qanunvericiliyinin beynəlxalq əmək standartlarına uyğun tətbiqində və qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin təmin edilməsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin roluna, Xidmətin fəaliyyətində sosial dialoqa, əmək bazarına dövlət nəzarəti sahəsində beynəlxalq təcrübəyə, Xidmət tərəfindən həyata keçirilən preventiv tədbirlərə, əməyin təhlükəsizliyinə dair yerli və beynəlxalq ekspertlər tərəfindən təqdimatların edilməsi, müvafiq mövzuda müzakirələrin aparılması nəzərdə tutulur.